Enes Batur Sungurtekin () — Türkiyə YouTuber-ı, aktyor və internet şəxsiyyətidir. O, əsasən YouTube platformasında yayımladığı vlog, əyləncə və oyun məzmunlu videolarla tanınmışdır.
Həyatı və fəaliyyəti Enes Batur Sungurtekin 9 aprel 1998-ci ildə Ankara, Türkiyədə Arzu və Fatih Sungurtekinin ailəsində anadan olmuşdur. O, yayımladığı videolardan birində anasının Malatyalı, atasının isə Adanalı olduğunu bildirmiş və özünü Adanalı kimi tanımlamışdır. 2017-ci ildə keçirilən 44-cü Altın Kelebek Ödülleri mərasimində ilk dəfə təqdim olunan "Ən yaxşı YouTuber" mükafatına layiq görülmüşdür. Lakin mükafat daha sonra geri alınmışdır.
2018-ci ildə keçirilən 5-ci Altın Palmiye mükafatlarında "İlin sosial media fenomeni" mükafatını qazanmışdır. Həmin il onun baş rolda çəkildiyi ilk filmi Enes Batur Hayal mi Gerçek mi? 19 yanvarda kinoteatrlarda nümayiş olunmuşdur. Filmdə Ceyda Düvenci və Bekir Aksoy da rol almışdır. Onun ikinci filmi Enes Batur Gerçek Kahraman 31 may 2019-cu ildə nümayiş etdirilmişdir. Sungurtekin 2019-cu ilin iyun ayında Survivor 2019 yarışmasının bir buraxılışında qonaq iştirakçı kimi yarışmışdır.
Şəxsi həyatı
Başak Karahan ilə münasibəti Enes Batur 2017–2018-ci illərdə YouTuber və aktrisa Başak Karahan ilə münasibətdə olmuşdur. Karahan 3 avqust 1998-ci ildə Antalyada anadan olmuş və Akdeniz Universitetinin Kino və Televiziya fakültəsində təhsil almışdır. O, sosial media fəaliyyəti və YouTube videoları ilə tanınmış, daha sonra aktyorluq sahəsində də fəaliyyət göstərmişdir.
Karahan 2018-ci ilin yanvarında Enes Batur ilə münasibətindən danışaraq onunla liftə tanış olduqlarını bildirmişdir. Həmin dövrdə hər ikisi münasibətləri və şəxsi həyatları barədə mediada açıqlamalar vermişdir. Karahan həmin vaxt Kino və Televiziya ixtisası üzrə təhsil aldığını qeyd etmişdir.
Cütlüyün münasibəti 2018-ci ildə sona çatmışdır. Enes Batur sonrakı müsahibələrindən birində keçmiş münasibətinin sosial mediada geniş şəkildə paylaşılmasının ayrılıqdan sonra həm özü, həm də qarşı tərəf haqqında izləyicilər arasında müxtəlif reaksiyalara səbəb olduğunu bildirmişdir. Batur bundan sonra şəxsi həyatını sosial mediada daha az paylaşmağa çalışdığını demişdir.
Damla Aslanalp ilə evlilik xəbərləri 23 may 2019-cu ildə Enes Baturun aktrisa Damla Aslanalp ilə evləndiyi barədə xəbərlər yayılmış və Batur toy şəkillərini sosial media hesablarında paylaşmışdır. Daha sonra bunun həqiqi evlilik olmadığı və yeni filmi ilə bağlı reklam xarakteri daşıdığı məlum olmuşdur. Batur 2019-cu ilin iyununda Instagram-dakı canlı yayım zamanı evliliyin saxta olduğunu təsdiqləmişdir.
Ecenaz Üçer ilə münasibəti 2020-ci ildə Enes Baturun aktrisa və sosial media fenomeni Ecenaz Üçer ilə münasibətdə olduğu barədə xəbərlər yayılmışdır. İkili Nişantaşında birlikdə görüntülənmiş və onların sevgili olduğu iddia edilmişdir.
2021-ci ilin yanvarında Enes Batur sosial media hesabında Ecenaz Üçerlə sevgili olmadıqlarını və yeni ayrılmadıqlarını bildirmişdir. Onun sözlərinə görə, bəzi hadisələr dostluq baxımından Ecenaz Üçerə olan etimadını sarsıtmış və nəticədə onu sosial mediada izləmədən çıxarmışdır. Batur aralarında küsülülük yarandığını qeyd etmişdir.
Ecenaz Üçer 1998-ci ildə Eskişehirdə anadan olmuş, İstanbul Bilgi Universitetinin Televiziya jurnalistikası fakültəsində təhsil almış və müxtəlif film və televiziya layihələrində rol almışdır.
Məzmunun təkrarlanması ilə bağlı ittihamlar 4 avqust 2019-cu ildə YouTuber JT Enes Baturu digər məşhur YouTuberların, o cümlədən PewDiePie və MrBeastin məzmununu təkrarlamaqda ittiham edən video yayımlamışdır. İddialara görə, Batur PewDiePie-nin Minecraft seriyasındakı bəzi videolarına və video kiçik şəkillərinə bənzər məzmun hazırlamışdır.
Batur həmin videoda öz səsindən icazəsiz istifadə edildiyini əsas gətirərək JT-nin videosuna müəllif hüquqları ilə bağlı şikayət göndərmişdir. Şikayət sonradan ləğv edilmişdir. Hadisə ilə bağlı müxtəlif media qurumlarında xəbərlər yayımlanmışdır.
Təhsili Enes Batur Antalya Bilim Universitetinin Kompüter mühəndisliyi fakültəsində bir müddət təhsil almışdır. YouTube fəaliyyətinin inkişafından sonra ali təhsilini İstanbul Nişantaşı Universitetinin Kino və televiziya fakültəsində davam etdirmişdir.
YouTube fəaliyyəti Enes Batur uzun illər Türkiyənin ən çox abunəçiyə sahib YouTuberlarından biri kimi tanınmışdır.
2020-ci ilin aprel və may aylarında "Oyuncak Avı" adlı kanalın bir gündə 8 milyondan çox abunəçi qazandığı və Enes Baturun kanalını keçərək Türkiyənin ən çox abunəçiyə sahib fərdi YouTube kanalı olduğu barədə xəbərlər yayılmışdır. Lakin Social Blade həmin dövrdə Sungurtekinin reytinqini dəyişdirməmiş və "Oyuncak Avı" kanalını ABŞ mənşəli kanal kimi təsnif etmişdir. Daha sonra kanal yenidən Türkiyə mənşəli olaraq təsnif edilmişdir.
2023-cü ilin aprelində Social Blade məlumatlarına əsasən "Oyuncak Avı" kanalının təxminən 15,2 milyon, Enes Batur kanalının isə 15,9 milyon abunəçisi olmuşdur.
2020-ci il 10 mart tarixində köhnə videolarından birinə görə Enes Baturun YouTube-a video yükləməsi məhdudlaşdırılmışdır. 30 mart 2021-ci ildə isə beş il əvvəl yayımladığı başqa bir videoya görə oxşar problemlə üzləşmişdir.
9 oktyabr 2025-ci ildə Enes Batur öz istəyi ilə YouTube kanalını bağlamışdır. Kanal bağlanmazdan əvvəl onun təxminən 16,4 milyon abunəçisi olmuşdur. 29 oktyabr 2025-ci ildə kanalını yenidən aktivləşdirmişdir.
14 mart 2026-cı ildə HAYATTAYIM VLOG adlı video ilə YouTube fəaliyyətinə yenidən başlamışdır.
Kino fəaliyyəti Enes Batur aktyor kimi də fəaliyyət göstərmişdir. 2018-ci ildə Enes Batur Hayal mi? Gerçek mi? filmində baş rolda çıxış etmişdir.
2019-cu ildə Enes Batur Gerçek Kahraman filmi nümayiş olunmuşdur.
Musiqi fəaliyyəti Enes Batur YouTube fəaliyyətindən əlavə musiqi sahəsində də fəaliyyət göstərmişdir. Onun ilk mahnılarından biri Enes Batur: Hayal mi? Gerçek mi? filmi üçün hazırlanan "Sen Yerinde Dur" olmuşdur. Mahnı 2018-ci ildə yayımlanmış və onun üçün musiqi klipi çəkilmişdir.
2018-ci ildə Enes Batur Kaya Giray ilə birlikdə "Gel Hadi Gel" mahnısını da yayımlamışdır. Daha sonra "Dolunay" (2019), "Biliyom" (2020), "Yüreğine İnan" (2020) və "Ayaz" (2021) mahnılarını təqdim etmişdir. Onun "Biliyom" mahnısının rəsmi video klipinin ssenarisində və montajında da Enes Batur iştirak etmişdir.
"Başak ve Enes" 2018-ci ildə Enes Batur: Hayal mi? Gerçek mi? filminin orijinal musiqi albomunda "Başak ve Enes" adlı 2 dəqiqə 49 saniyəlik musiqi əsəri də yer almışdır. Əsərin ifaçısı İrsel Çivitdir.
Filmoqrafiya Enes Batur Hayal mi? Gerçek mi? — 2018 Kafalar Karışık — 2018 Maşa ile Koca Ayı 2: Sonsuz Arkadaşlık — 2018 Enes Batur Gerçek Kahraman — 2019
Mükafatları 2017 — Altın Kelebek mükafatı — "Ən yaxşı YouTuber/Instagrammer" 2018 — Golden Palm Awards — "İlin sosial media fenomeni"
Həmçinin bax YouTube Türkiyə İnternet fenomeni
İstinadlar
Kateqoriya:1998-ci ildə doğulanlar Kateqoriya:Ankarada doğulanlar Kateqoriya:Türkiyə YouTuberləri Kateqoriya:Türkiyəli aktyorlar Kateqoriya:Türkiyə internet şəxsiyyətləri Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Türkiyə kişi film aktyorları