Sərt tədbirlər, Bastiliya günü (Şimali Amerikada və beynəlxalq ev buraxılışlarında Götürmə (The Take) adı ilə nümayiş olunub) — Ceyms Uotkinsin həmmüəllifi və rejissoru olduğu 2016-cı il istehsalı döyüş-triller filmi. Film Anonymous Content, Vendôme Pictures, TF1 Films Production və StudioCanal tərəfindən bərabər istehsal olunmuş Fransa, Böyük Britaniya və ABŞ müştərək layihəsidir. Filmdə baş rolları İdris Elba, Riçard Madden, Şarlotta Le Bon, Erik Ebuane və Xose Qarsiya canlandırmışdır. Film 22 aprel 2016-cı ildə Böyük Britaniyada, 13 iyul 2016-cı ildə Fransada və 18 noyabr 2016-cı ildə Amerika Birləşmiş Ştatlarında nümayiş olunmuşdur.
Məzmun
Parisdə Bastiliya günü ərəfəsində amerikalı səyahətçi və cibgir Maykl Meyson tərkibində partlayıcı olduğunu bilmədiyi bir qadın çantasını oğurlayır. Çantadan nağd pulu və cib telefonunu götürdükdən sonra onu küçəyə atır və bu an fərqində olmadan təhlükəsizlik kamerasına düşür. Qısa müddət sonra çanta partlayır və dörd nəfər həlak olur. İşdəki məsuliyyətsiz davranışlarına görə töhmət alan MKİ agenti Şon Brayar tərəfindən saxlanılan Meyson terrorçu olmadığını bildirir və çantadakı telefonun Zoe adlı bir qadına məxsus olduğunu deyir. Partlayış əslində Fransa Mərkəzi Bankında soyğunçuluq etməyi planlaşdıran və Rafi Bertranın rəhbərlik etdiyi Fransa xüsusi polis təşkilatının (RAPID) korrupsiyalaşmış əməkdaşları tərəfindən təşkil olunmuşdur. Zoe soyğun zamanı diqqəti yayındırmaq üçün bombanı Fransa Millətçi Partiyasının qərargahında yerləşdirməli idi. Lakin gecə təmizlik heyətinin gəldiyini gördükdən sonra günahsız insanları öldürmək istəməyib plandan imtina etmişdir. Zoenin sui-qəsdçilərdən biri olan sevgilisi Jan tərəfdaşlarının onu öldürəcəyini anlayaraq qaçmasına şərait yaradır.
Cinayətkar qrup Zoenin telefon siqnalını izləyərək Brayar və Meysonun olduğu məkanı müəyyənləşdirir. Brayar sui-qəsdçilərlə atışmaya girir, bu əsnada Meyson qaçmağı bacarır. Bertranın komandası məscidə saxta sübutlar yerləşdirir və həştəqlərdən istifadə edərək ölkədəki müsəlman əhalisi arasında iğtişaşlar törədir. Fransa hakimiyyəti və Bertranın qüvvələri tərəfindən təqib edilən Meyson, onun təqsirsizliyinə inanan Brayar tərəfindən götürülür. Brayar rəislərinin əmrinə qarşı çıxaraq Meysonun köməyi ilə işi açmaq niyyətindədir. Onlar Zoeni dostu Polun və onun bayker dəstəsinin gizləndiyi yerdə izləyirlər, lakin dəstə qaçışlarını ört-basdır etmək üçün onların maşınını partladır. Başqa bir maşın ələ keçirən ikili Polu işlədiyi bara qədər izləyir. Meyson barda dava çıxararaq Polun şəxsiyyət vəsiqəsini oğurlayır.
Meyson və Brayar bu vəsiqədən istifadə edərək Zoenin gizləndiyi Polun ünvanını tapır və onunla əməkdaşlıq etməyə müvəffəq olurlar. Zoe onları Janın mənzilinə aparır. Burada onlar Janın cəsədini və onun polis olduğunu göstərən döş nişanını tapırlar. Brayar bu barədə həmkarı Karen Deykraya məlumat verir. Deykra fransalı əlaqələndiricisi, Daxili Təhlükəsizlik Baş Direktorluğunun (DGSI) direktoru Viktor Qamye ilə Meyson və Zoeni mühafizəyə almaq barədə müzakirə aparır. Lakin soyğunçuluq qəsdinin əsl təşkilatçısı olan Qamye ehtiyacı olan məlumatları aldıqdan sonra Deykranı öldürür və qatillərini onları məhv etməyə göndərir. Brayar, Meyson və Zoe bu adamların əsl kimliyini anlayaraq tələdən sağ çıxmağı bacarırlar. Qamyenin xəyanətini başa düşən üçlük Fransa Mərkəzi Bankına tərəf yollanır.
Gözlənildiyi kimi bankın qarşısında böyük nümayişçi kütləsi yığışanda, Qamye daxili təhlükəsizliyi təmin etmək adı ilə Bertranın komandasını binaya yerləşdirir. Bu, bankdakı 500 milyon avroluq ehtiyatın rəqəmsal soyğunçuluq yolu ilə oğurlanmasını asanlaşdırır. Banka çatan Brayar RAPID zabiti formasını geyinərək ifşa olunmazdan əvvəl binaya daxil olur. Oğurladıqları polis furqonunun radiosundan onun çətin vəziyyətdə olduğunu eşidən Zoe və Meyson etirazçılar arasında iğtişaş yaradırlar. Kütlə banka hücum edərək Brayarı mühasirəyə alan polisləri zərərsizləşdirir. Brayar daha sonra saxlanc xəzinəsinə daxil olur, Bertran və onun sağ kalan adamı ilə mübarizə aparır. Bertran pulun yükləndiyi xarici yaddaş kartı ilə qaçır, lakin Brayar Meysonla əlaqə saxlayır və Meyson daşıyıcını Bertrandan oğurlayır. Oğurluğu fərq edən Bertran Zoeni girov götürür. Planını xilas etməyə çalışan Qamye polis dəstəsinə Bertranı vurub öldürməyi əmr edir. Meyson yaddaş kartı ilə qaçır, Zoe isə sağ qalır.
Bir qədər sonra Meyson Brayar və Fransa hüquq-mühafizə orqanları ilə əlbir olaraq pasport və ölkədən təhlükəsiz çıxış müqabilində yaddaş kartını Qamyeyə təhvil vermək bəhanəsi ilə onunla görüşür və bu da Qamyenin həbs olunması ilə nəticələnir.
Rollarda İdris Elba — Şon Brayar, MKİ agenti Riçard Madden — Maykl Meyson, Parisdə yaşayan amerikalı cibgir Şarlotta Le Bon — Zoe Navil, antifaşist etirazçı Kelli Raylli — Karen Deykra, baş MKİ agenti Xose Qarsiya — Viktor Qamye, Daxili Təhlükəsizlik Baş Direktorluğunun direktoru Tyerri Qodar — Rafi Bertran, Fransa Milli Polisinin RAPID xüsusi bölməsinin korrupsiyalaşmış komandiri Anatol Yusef — Tom Laddi, MKİ-nin Parisdəki müşahidə qrupunun rəhbəri Erik Ebuane — Baba, Meysonun oğurluq malları satdığı qara bazar əlaqəsi Arie Vortalter — Jan (Paskal Fibber) Stefan Kayar — Beatris
İstehsal 17 aprel 2012-ci ildə Pyer Morel filmin rejissoru kimi layihəyə qoşulmuşdur. Daha sonra Morelin yerini beynəlxalq debütünü edəcək Morten Tildum almışdır. Baş rola Ben Afflekin çəkilməsi nəzərdə tutulsa da, iş qrafikindəki müvafiq olmamasına görə layihədən uzaqlaşmış, Tildum isə İmitasiya oyunu filmi üçün layihəni tərk etmişdir. 7 avqust 2013-cü ildə Baran bo Odar yeni rejissor təyin olunsa da, o da qısa müddət sonra layihədən ayrılmışdır. 11 noyabr 2013-cü ildə İdris Elba filmin aktyor heyətinə qoşulmuşdur. 2 oktyabr 2014-cü ildə Riçard Madden heyətə daxil olmuşdur. 18 may 2014-cü ildə Focus Features Ceyms Uotkinsin rejissorluğu altında filmin Şimali Amerikada yayım hüquqlarını əldə etmişdir. Əsas çəkilişlər 13 oktyabr 2014-cü ildə Parisdə başlamış və 17 dekabr 2014-cü ildə başa çatmışdır.
Nümayiş olunması Böyük Britaniyada StudioCanal filmin 19 fevral 2016-cı ildə nümayiş olunmasını planlaşdırmışdı. Lakin 2015-ci ilin noyabrında Parisdə törədilən terror aktlarından sonra filmin təqdimatı təxirə salınmışdır. Sərt tədbirlər 22 aprel 2016-cı ildə eyni vaxtda Böyük Britaniya, İrlandiya və İsveçdə nümayişə girmişdir. Fransada film süjet xəttindəki tarixlərə müvafiq olaraq 13 iyul 2016-cı ildə təqdim olunmuşdur. 2016-cı ildə Nitsada törədilən yük maşını hücumundan sonra StudioCanal "qurbanlara və onların ailələrinə hörmət əlaməti olaraq" 17 iyul 2016-cı ildə filmi kinoteatrlardan çıxarmışdır.
Qəbulu Rotten Tomatoes rəy aqreqatorunda film 80 rəy əsasında 48% bəyənmə reytinqi almış və orta balı 5.2/10 olmuşdur. Saytın tənqidçilərinin ümumi rəyində deyilir: "Sərt tədbirlər" İdris Elbanın döyüş qəhrəmanı olmağa hazır olduğunu göstərir – xüsusən də onun istedadına layiq bir ssenari gözləyir." Metacritic saytında film 16 tənqidçinin rəyinə əsasən 100 üzərindən 48 çəkili orta bal əldə edərək "qarışıq və ya orta rəylər" almışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2016-cı ilin cinayət komediya filmləri Kateqoriya:2016-cı ilin döyüş filmləri Kateqoriya:2016-cı ilin Fransa filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:Anonymous Content filmləri Kateqoriya:Böyük Britaniyanın döyüş-triller filmləri Kateqoriya:Focus Features filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:İngiliscə Fransa filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:StudioCanal filmləri Kateqoriya:Terrorizm haqqında filmlər Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:ABŞ-nin dram filmləri