Onsager teoremi (Onsager prinsipi) – dönməyən proseslərin termodinamikasının əsas qanunlarından biridir. Norveç-amerikan fizkimyaçısı və nəzəri fiziki, kimya üzrə Nobel mükafatçısı (1968) Lars Onsager tərəfindən 1931-ci ildə irəli sürülmüşdür. Bu prinsipə görə Lik kinetik əmsalları simmetriya xassəsinə malikdir, yəni Lik = Lki.
Temperatur, komponentlərin konsentrasiyası, kimyavi potensiallar gradientləri mövcud olan termodinamik sistemlərdə dönməyən proseslər yaranır və bu proseslər istilik və diffuziya axınları, kimyavi reaksiyaların sürəti və digər parametrlərlə xarakterizə olunan “axınlar” adlandırılan ümumi termin ilə ifadə olunur. Bu axınlar Ji (i=1,2,…) işarə edilir. Bu axınları doğuran (termodinamik parametrləri tarazlıq qiymətlərindən kənara çıxardan) səbəbləri termodinamik qüvvələr Xk (k=1,2,…) kimi adlandırırlar. Xətti qeyri-tarazlıqlı termodinamikada kinetik Xk və Ji arasındakı əlaqə Lik əmsalları vasitəsilə Ji = ∑kLik Xk xətti tənliklər şəklində təyin edilir və bu halda Onsager teoreminə görə bütün i- və k-indekslər üzrə cəmləmə yalnız i ≤ k qiymətləri ilə məhdudlaşdırıla bilər. H intensivli xarici maqnit sahəsinin təsiri ilə və ya sistemi bütövlükdə ω bucaq sürəti ilə fırlatdıqda kinetik əmsalların simmetriya ifadəsi daha ümumi forma alır: Lik(H)=Lki(−H), Lik (ω) = Lki(−ω).
Onsager teoremi dinamik hərəkət tənliklərinin mikroskopik dönərliyinin nəticəsidir, yəni bütün zərrəcikləri üçün zamanın (və ya v sürətin), eləcə də H və ω vektorlarının istiqamətinin, işarəsinin əksinə dəyişməsi onların invariantlığını dəyişmir. H və ω vektorları ilə bağlı şərtlərin qeyd olunma zərurəti [vH] və [vω] vektorial hasili ilə mütənasib olan Lorens və Koriolis qüvvələrinin qiymət və istiqamətlərinin dəyişməz qalmasını təmin etməklə bağlıdır. Kateqoriya:Termodinamika