Pomidor şorbası — əsas tərkib hissəsi pomidor olan şorba növü. İsti və ya soyuq halda süfrəyə verilə bilər və müxtəlif üsullarla hazırlana bilər. Şorba tamamilə duru şəkildə hazırlana bildiyi kimi bəzi reseptlərdə pomidor tikələri, qaymaq, toyuq və ya tərəvəz bulyonu, vermişel, digər tərəvəz hissələri və küftədən də istifadə edilir. Bir çox ölkələrdə pomidor şorbasının dadı, porsiya ölçüsü və tərkibinə görə fərqlənən özünəməxsus növləri mövcuddur.
Tarixi Pomidor şorbasının nəşr olunmuş ilk resepti 1832-ci ildə N.K.M.Linin "Aşpazın şəxsi kitabı"nda ("The Cook's Own Book") dərc edilmişdir. 1857-ci ildə Eliza Leslinin "Yeni Kulinariya kitabı"nda ("New Cookery Book") yer alan pomidor şorbası resepti bu yeməyin geniş yayılmasına səbəb olmuşdur. Daha sonra Kampbell Şorba Komponiyası 1897-ci ildə qatılaşdırılmış pomidor şorbasını satışa çıxarmaqla onun daha da populyarlaşmasında töhfə vermişdir. ABŞ-də Vətəndaş müharibəsindən əvvəl pomidorun zəhərli olduğuna dair geniş yayılmış inanc səbəbindən pomidor şorbası ümumiyyətlə istehlak edilmirdi.
Qida dəyəri Reseptdən asılı olaraq pomidor şorbası adətən aşağı kalorili olur və kalium, C, K və A vitaminləri ilə zəngindir. Şorbanın tərkibində həmçinin antioksidant xüsusiyyətləri ilə əlaqədar sağlamlığa bir sıra faydalarının olduğu irəli sürülən karotinoid piqment likopen yüksək miqdarda olur. Avropa Qida Təhlükəsizliyi Təşkilatı 2011-ci ildə likopenin insan orqanizmində antioksidant təsir göstərdiyini, xüsusilə dərini ultrabənövşəyi şüalanmadan qoruduğunu, ürəyin fəaliyyətinə və görmə qabiliyyətinə müsbət təsir etdiyini təsdiqləmək üçün kifayət qədər sübut olmadığı qənaətinə gəlmişdir. ABŞ Qida və Dərman Administrasiyası da likopenin müəyyən xərçəng növlərinə təsir göstərdiyinə dair elmi sübutların az olduğunu müəyyən etmiş və istehsalçılara likopen qəbulu ilə xərçəng riski arasında əlaqə olduğunu qeyd-şərtsiz iddia etməyi qadağan etmişdir.
Ənənəvi pomidor şorbası Sadə pomidor şorbası konservləşdirilmiş pomidor və ya təzə pomidor, soğan, sarımsaq, zeytun yağı, tərəvəz və ya toyuq bulyonundan hazırlana bilər. Dad vermək üçün kərə yağı, duz, istiot və lazım gəldikdə şəkər əlavə edilir. Şorbanı təzə pomidordan hazırlamaq üçün pomidorlar əvvəlcə qaynar suda qısa müddət saxlanılır, qabıqları soyulur, daha sonra isə əzilərək püre halına salınır. Təzə pomidordan yalnız yaxşı yetişdiyi təqdirdə istifadə edilməsi tövsiyə olunur, çünki pomidorun yetişmə dərəcəsi şorbanın dadına mühüm təsir göstərir.
Polşada pomidor şorbası adətən tomat pastası, toyuq bulyonu və xama ilə hazırlanır. Şorba qaymaqla qatılaşdırılmır və tərkibində yerkökü, cəfəri kökü, kərəviz kökü və digər tərəvəz tikələri olur. Süfrəyə makaron və ya düyü ilə verilə bilər. Şorba çox vaxt bir neçə gün əvvəl bişirilmiş və istifadə olunmamış rosol əsasında hazırlanır. Pomidor şorbasının bu cür hazırlanması və geniş yayılması polyaklar arasında zarafat mövzusuna çevrilmişdir.
Hindistanda isə çoxsaylı ədviyyatlardan istifadə edildiyinə görə pomidor şorbası adətən olduqca ədviyyəli və acı olur. Şorbaya əsasən zirə, hil toxumları, üyüdülmüş zirə, sürtgəcdən keçirilmiş zəncəfil, sarıkök, kayen istiotu, keşniş, qaram masala və qara istiot əlavə edilir, üzərinə isə təzə keşniş səpilir. Resept bölgədən bölgəyə dəyişir.
Sənaye üsulu ilə hazırlanan pomidor şorbası Kommersiya məqsədilə hazırlanan pomidor şorbası konservləşdirilmiş, qatılaşdırılmış və susuzlaşdırılmış toz formasında olmaqla müxtəlif formalarda satışa çıxarılır. Sənaye üsulu ilə istehsal edilən pomidor şorbası konservləşdirilə, həmçinin iri karton qablaşdırmalarda və ya paketlərdə satıla bilər. Pomidor şorbası Kampbell Şorba Şirkəti tərəfindən istehsal olunan şorbalar arasında ən populyar üç çeşiddən biridir.
Sənaye üsulu ilə hazırlanan pomidor şorbasının əsasını pomidor püresi, yəni pomidor pastası ilə su qarışığı təşkil edir. Dadını və fiziki xüsusiyyətlərini yaxşılaşdırmaq üçün ona bir sıra digər inqrediyentlər də əlavə olunur.
Pomidor yüksək turşuluğa malik qida məhsuludur. Buna görə də, "pomidor yüksək riskli qida hesab edilmir, çünki meyvənin pH göstəricisi adətən 4,2-4,9 arasında dəyişir və orta hesabla təxminən 4,5 təşkil edir. Bu pH səviyyəsində patogenlərin çoxalması ehtimalı azdır". Hui, Y. H., Sue Ghazala, D. M. Grham, K. D. Murrell, and Wai-Kit Nip. Handbook of Vegetable Preservation and Processing. New York: M. Dekker, 2004. Print. Bununla belə, qida məhsulunun təhlükəsizliyi və saxlanma müddəti baxımından problem yarada bilən bəzi qida mənşəli patogenlər mövcuddur. Konservləşdirmə zamanı əsas təhlükə klastridium botulinum kimi toksin ifraz edən anaerob mikroorqanizmlərdir. Pomidor yüksək turşuluğa malik olsa da, onun pH göstəricisi bu mikroorqanizmin inkişaf edərək toksin ifraz edə bildiyi 4,6-8,5 pH diapazonuna çata bilər S.Botulinum üçün optimal inkişaf temperaturu 30-40 °C, maksimal temperaturu isə 50 °C-dir. Bakteriyalar məhv edilsə belə, onların istiliyə davamlı sporları qala bilər və bu sporlar çoxalmağa başladıqda təhlükə yaradır.
Hüceyrə divarının bitkinin böyüməsi və yetişmə prosesindəki struktur əhəmiyyəti onun istehsal edə biləcəyi pomidor məhsullarının keyfiyyəti üçün də eyni dərəcədə vacibdir. Pomidor məhsulunun görünən özlülüyünü pektin və sellüloza müəyyən edir. Onlar daha yüksək temperaturda parçalandıqda aşağı temperaturda parçalandıqları halla müqayisədə daha çox ferment deaktivləşir. Voragen, A.G.J., van Vliet, T., "Physico-Chemical Properties of Tomato Products." Wageningen Agricultural University. 1995. Print.
Həmçinin bax
Menyu
İstinadlar Kateqoriya:Kulinariya Kateqoriya:Şorbalar Kateqoriya:Yemək növləri Kateqoriya:Qidalar Kateqoriya:Konservlər Kateqoriya:Polşa mətbəxi Kateqoriya:Polşa şorbaları Kateqoriya:Vegetarian mətbəxi