Tacuddin Mahmud oğlu Pənzullayev (; ) — Dağıstanlı siyasətçi və yazıçı. Dağlı İctimai Xadimi, Dağlılar Respublikası Hökumətinin Ədliyyə Naziri, Baş Prokuroru və onun konstitusiyasının həmmüəlliflərindən biri. O, Mixail Bulqakovun bir neçə əsərinin həmmüəllifi olub. Həyatı Tacuddin Pənzullayev milliyyətcə qumuqdur. Terek vilayətinin Xasavyurd dairəsinin zadəganlarındandır. General-mayor Əlibəy Pənzullayevin nəvəsi və Mühiddin Pənzullayevin qardaşı olmuşdur.

İmperator Sankt-Peterburq Universitetinin hüquq fakültəsinin məzunudur. Vladiqafqazda andlı müvəkkil köməkçisi işləmişdir. 1917-ci ilin martında Birləşmiş Dağlıların Müvəqqəti Mərkəzi Komitəsinin təsis edilməsinin təşəbbüskarlarından biri və onun üzvü olmuşdur. Qafqaz Dağlıları İttifaqının Konstitusiyasını hazırlayanlardan biridir.

20 may 1917-ci ildə Terek Vilayət İcraiyyə Komitəsinin üzvü seçilmişdir. Oktyabr ayında — Birləşmiş Dağlılar İttifaqı MK-nın Terek vilayətinin Nazran dairəsindəki təxribatı araşdıran istintaq komissiyasının üzvü olmuşdur. Noyabr ayından — Dağlılar Hökumətinin üzvüdür. 1918–1919-cu illərdə Dağlılar Respublikası hökumətində ədliyyə naziri və baş prokuror vəzifələrini tutmuşdur.

15 yanvar 1919-cu ildə Temirxan-Şura şəhərində keçirilən Dağıstan nümayəndələrinin Ümumi qurultayında Xasavyurd dairəsindən nümayəndə olmuşdur. 20 yanvar 1919-cu ildə açılışı baş tutan Dağlılar Respublikasının ilk parlamentinə üzv seçilmişdir. 1919-cu ilin mayında (mümkündür ki, özünü buraxmazdan əvvəl yalnız bir iclaslıq) İttifaq Şurasının (parlamentin) sədr müavini olmuşdur.

Şimali Qafqaz ağqvardiyaçılar tərəfindən tutulduqdan sonra Pənzullayev hökumət sədri Pşemaxo Kotsev ilə birlikdə denikinçilər tərəfindən həbs edilmişdir. Lakin Anton Denikinin Osetiya hakimi general Yakov Xabayevin generallar Vladimir Lyaxov və Nikolay Baratova etdiyi xahişdən sonra həbs olunanlar azadlığa buraxılmışdır.

Şimali Qafqazda sovet rejimi qurulduqdan sonra Vladiqafqazda yaşamağa davam etmişdir. 1921-ci ildə Mixail Bulqakovun "Mollanın oğulları" ("Сыновья муллы") pyesinin həmmüəllifi olmuşdur. Premyerası 15 may 1921-ci ildə Vladiqafqazda baş tutmuş və yerli inquş truppası tərəfindən səhnələşdirilmişdir. Sonralar bu truppa böyük uğurla bu tamaşa ilə Şimali Qafqazın bir çox şəhərlərini gəzmişdir. Pyes B.İ.Totrov tərəfindən osetin dilinə tərcümə edilmiş və 1930-cu ildə Vladiqafqazda nəşr olunan "Fidiuag" jurnalının 4-cü nömrəsində Pənzullayevin soyadı qeyd edilmədən dərc olunmuşdur. Bulqakovun özü artıq Moskvada olarkən pyesin özündə olan nüsxəsini məhv etmiş, lakin 1960-cı ildə Qroznıda pyesin rus dilində olan və yalnız Bulqakovun soyadı ilə göstərilən suflyor nüsxəsi tapılmışdır. Yazıçının birinci həyat yoldaşı T.N.Lappa bildirir ki, Bulqakov bir həftə ərzində pyesi yazmaq üçün qonşuları Pənzullayevlərin evinə gedib-gəlmişdir. Bulqakov "Mollanın oğulları" pyesini üç nəfərin yazdığını etiraf edirdi: "Mən, müvəkkil köməkçisi və aclıq". Qonorar bərabər bölünmüş, səhnələşdirilmədən əldə edilən pul sayəsində Bulqakov mayın 26-da Bakı vasitəsilə Tiflisə yola düşə bilmişdir.

"Mollanın oğulları" pyesinin yazılma tarixi "Manşetdə qeydlər" ("Записки на манжетах") və "Boqema" ("Богема") hekayələrində əks olunmuşdur. "Boqema" hekayəsində "andlı müvəkkil köməkçisi" adı ilə — Genzulayev kimi qeyd edilmişdir. "Master və Marqarita" romanının ilk variantlarından birində "Variete" teatrının direktoru Styopa Lixodeyevin prototipi Qarasa Pedulayev adlandırılmışdır. Və şər qüvvələr onu Yaltaya deyil, Vladiqafqaza atır.

Bəzi məlumatlara görə, Tacuddin Pənzullayev 30-cu illərin əvvəllərində repressiyalardan gizlənərək Moskvaya köçmüş və təxminən 1937-ci ildə repressiyaya məruz qalmışdır. Digər məlumatlara görə isə o, 1936-cı ildə Moskvada vəfat etmişdir. Lakin Rusiya Federasiyası Dövlət Arxivində (RF DA) "SSSR Ali Məhkəməsinin Plenumunda baxılmış konkret işlər üzrə nəzarət icraatları" fondunda Tacuddin Mahmud oğlu Pənzullayevin 1959-cu ilə aid işi saxlanılır (Rusiya Federasiyası Dövlət Arxivi. Fond № R-9474. Siyahı № 1A. Saxlama vahidi № 20548). Yəni 1959-cu ildə onun bəraət alması məsələsinə baxılmış və ya bəraəti baş tutmuşdur. Bəraət alanların məlumat bazalarında T.M.Pənzullayevin adı yoxdur.

Ailəsi Həyat yoldaşı — Tatyana Pavlovna Aksakova, rus zadəganı; bəzi mənbələrə görə həyat yoldaşı Ayzanat Adjamatova olub. Oğlu — İsmayıl Tacuddin oğlu Pənzullayev (07.11.1910 — 1985-ci ildən sonra), polkovnik-leytenant, Böyük Vətən müharibəsinin iştirakçısı olub.

İstinadlar

Xarici keçidlər Об Ингушетии и ингушах. Сборник документов и материалов. XIX – начало XXI вв. Ростов-на-Дону 2020 г. С. 215 Камиль Алиев. Подвигами предков соткана наша история. "Сыновья Муллы" // Булгаковская энциклопедия