Dəndan — "Min bir gecə" nağıllarında, xüsusən də "Balıqçı Abdulla və dəniz adamı Abdulla" nağılında adı çəkilən mifik dəniz məxluqu. Əsərdə dəniz adamı dəndanıkat böyük heyvanları bir udumda udmağa qadir olan ən böyük və dəhşətli balıq kimi təsvir edir. Dəndanın "öküz piyi kimi qızılı, şirin və ətirli" yağının məlhəm kimi sürtülməsi insanların su altında yaşamasına şərait yaradır.
Mətndə yer alan dialoqda balıqçı məxluqu soruşarkən dəniz adamı onun balıqların ən böyüyü və dəniz varlıqlarının ən amansız düşməni olan dəndan adlı balığın qaraciyər yağı olduğunu bildirmişdir. O, bu məxluqun qurudakı hər hansı bir heyvandan böyük olduğunu, dəvə və ya fillə qarşılaşacağı təqdirdə onu bir udumda udacağını qeyd etmişdir. Balıqçının bu fəlakətli məxluqun nə ilə qidalandığı barədə sualına cavab olaraq dəniz adamı onun dəniz heyvanlarını yediyini bildirmiş və "Dəniz balıqları kimidir: güclü zəifi yeyər" misalını xatırlatmışdır.
Dastan tərcümələrində bu varlıq müxtəlif cür səciyyələndirilmişdir. Con Peyn öz tərcüməsində əlavə etdiyi haşiyədə bu məxluqun köpəkbalığı və kaşalotun xüsusiyyətlərini özündə birləşdirən əfsanəvi bir bədheybət olduğu ehtimalını irəli sürmüşdür. Riçard Frensis Börtonun tərcüməsində də dəndan "günəş balığı və ya dərinliklərin eyni dərəcədə iti dişli bədheybəti" kimi təsvir olunmuşdur. Bir dəndan gəmini və bütün heyətini bir dəfəyə udmaq iqtidarındadır. Böyük ölçüsünə və öldürücü gücünə baxmayaraq, dəndan insan qarşısında çox həssasdır. İnsan əti yemək və ya insan qışqırığını eşitmək onun anında ölməsinə səbəb olur.
Hekayənin müxtəlif tərcümələrində dəndanın adı çəkilsə də, Peyn və Börton kimi tərcüməçilər lüğətlərdə bu məxluq haqqında məlumat tapa bilməmişdilər. Börton öz versiyasında verdiyi haşiyədə "Dəndan" sözünün fars dilində "diş" mənasına gəldiyi ehtimalını qeyd etmişdir. Bu söz Azərbaycan dilində də var və farscadan keçmişdir.
Dəndan obrazı həmçinin "Magic: The Gathering" kart oyununun "Arabian Nights" genişlənmə dəstində təsvir edilmişdir. Bu məxluq oyunçular arasında məşhur olan "Forgetful Fish" və ya "Dandân" adlı azarkeş variantının əsas mövzusudur.
İstinadlar
Kateqoriya:Min bir gecə