II Əbdülməcid və ya Əbdülməcid Əfəndi (; ) () — Osmanlı sülaləsinin sürgündəki 2-ci rəisi, sülalənin 29-cu, Türkiyə Böyük Millət Məclisinin yeganə, İslamın 116-cı və son xəlifəsi (1922–1924); Osmanlı imperiyası tarixində sultan titulunu daşımayan yeganə xəlifə.

Osmanlı xanədanı hüququna görə rəsmi sənədlərdə son Osmanlı xəlifəsi olan Əbdülməcid xan eyni zamanda II Əbdülməcid olaraq adlandırılır. O tərəfindən göndərilən bütün məktublarında Osmanlı sultanı olmamasına baxmayaraq atasının vaxtı ilə bir Osmanlı sultanı olmasını bəhanə gətirmiş göndərdiyi hər şəxsi məktubun sonluğunu "Əbdülməcid bin Əbdüləziz xan" olaraq qeyd etmişdir. Əbdülməcid Əfəndinin bu hərəkətləri yeni qurulan Türkiyə Cümhuriyyəti hökuməti həmçinin Türkiyə Böyük Millət Məclisi tərəfindən xüsusilədə o dövrün ilk prezidenti və cümhuriyyətin banisi olan Mustafa Kamal Atatürk tərəfindən birmənalı qarşılanmadı. Atatürk'ə görə Əbdülməcid Əfəndi özünün "İslam xəlifəsi" statusundan istifadə edərək dünya dövlətlərinə imperiyanın süqut etməsinə baxmayaraq özünü hələ də bir "Osmanlı sultanı" kimi zənn etməsi monarx kimi davranmasına yol açır dünya liderlərinində gözündə səltənəti olmayan lakin "Osmanlı padşahı" imicinin formalaşmasına səbəb olurdu.

Sultan Əbdüləzizin dördüncü oğlu olan Əbdülməcid Əfəndinin Osmanlı taxt-tacına sahib olmaq üçün demək olar ki, şansı yox idi: 1876-cı ildə V Murad devrildikdən sonra o, varislik iyerarxiyasında yalnız səkkizinci yeri tutmuşdu. 1912-ci ildə müstəqil Alban dövlətinin qurulmasına ümid bəsləyən albanlar Əbdülməcidə yeni dövlətin başçısı olmağı təklif etdilər. Albanlar bilirdilər ki, Əbdülməcid bütün şahzadələr arasında tərbiyəsi və təhsili yüksək olan, ən çox qərbləşən və avropalaşan şahzadə idi, lakin buna baxmayaraq, İtaliya albanların bu fikrinə qarşı çıxdı.

Türkiyə Böyük Millət Məclisi 1922-ci il noyabrın 1-də Ankarada Osmanlı imperiyasının ləğv edilməsi haqqında qərar qəbul etdi. Noyabrın 18-də və ya 19-da TBMM Əbdülməcidi keçirilən xəlifəlik seçkisinin nəticəsi olaraq hökumətin xəlifəsi seçdi. 29 oktyabr 1923-cü ildə Osmanlı dövləti tam süqut etdiyinə və Türkiyə Respublikası onu əvəz etdiyinə görə daha xilafətə ehtiyac qalmadı. 1924-cü il martın 3-də 431 saylı qanun qəbul edildi və qüvvəyə mindi. Qanuna əsasən, Osmanlı xanədanının bütün üzvləri birbaşa ölkədən deportasiya edildilər; həmin axşam Əbdülməcid ailəsi və qulluqçuları ilə birlikdə İsveçrəyə sürgün edildi.

İsveçrədəki həyat Əbdülməcid üçün çox baha başa gəldi və bunun üçün o, Londona köçməyi qərara aldı, ona artıq Heydərabad nizamı Mir Osman Əli xan Siddiqidən annuitet təyin edilmişdi. Bu zaman keçmiş xəlifə siyasətə marağını itirmişdi və siyasətdən çəkilərək əlavə məşğuliyyətlərini yerinə yetirirdi; rəsm çəkir, musiqi ilə məşğul olurdu. Əbdülməcid 1931-ci ildə qızının toyundan sonra Nitsaya, sonra isə Parisə köçdü və 13 il orada yaşadıqdan sonra 76 yaşında öldü.

Bioqrafiya

Dörd sultanın hakimiyyəti dövründə left|thumb|256x256px|Əbdülməcid Əfəndinin atası sultan Əbdüləziz Əbdülməcid 1868-ci il mayın 29-da (bəzi mənbələrə görə 30 may) İstanbulda yerləşən Dolmabaxça sarayında Sultan Əbdüləzizin on üç uşağının yeddincisi və altı oğlunun dördüncüsü olaraq doğulmuşdur. Şahzadənin anası çərkəz Heyranidil Qadınəfəndi idi. Bütün bacı-qardaşlar arasında Əbdülməcidin anaayrı olmayan bir bacısı var idi ki, o da özündən 2 il əvvəl doğulan Nazimə Sultan idi. Əbdülməcid Avropa təhsili almışdır.

1876-cı ilə qədər Əbdülməcidin atasının hakimiyyətindən narazılıq pik həddə çatmışdı və nəticədə ona qarşı sui-qəsd baş verdi. 1876-cı il mayın 10-da keçmişdə sədrəzəm olmuş və sonra da sədrəzəm seçiləcək olan Mehmed Rüşdü Paşa, hərbi nazir Hüseyn Avni Paşa, şeyxülislam Həsən Xeyrullah Əfəndi və portfelsiz vəzir Midhat Paşanın başçılıq etdiyi inqilabçılar sultanı devirdilər. 12 mayda inqilabçı sui-qəsdçilər tərəfindən məclis çağırıldı və qərara alındı ki, Əbdüləziz daha Osmanlı taxtında oturmağa qadir və layiq deyil. 29 maydan 30 maya keçən gecə, Əbdülməcidin ad günündə atası Dolmabaxça sarayına aparıldı. Keçmiş sultanın ailəsinin əmlakı müsadirə edildi. Sonra Əbdülməcidin atası — keçmiş sultan Əbdüləziz Topqapı sarayına aparıldı, çünki, Şahzadə Murad sultan seçilərək Dolmabaxça sarayına gətirilmişdi, sonra keçmiş sultan V Murad və müşavirlərinin icazəsini alaraq ailəsiylə birgə Feriye sarayına köçdü. 4 iyun 1876-cı ildə Əbdülməcidin atası Feriye sarayında ölü tapıldı; Əbdüləzizin cəsədi bir neçə həkim tərəfindən müayinə olundu və devrilmiş Sultanın intihar etdiyi rəsmi olaraq elan edildi, lakin sonradan, 1881-ci ildə onun sui-qəsdçilər tərəfindən öldürüldüyü sübuta edildi. Atasının ölümündən və əmisi oğlu V Muradın devrilməsindən sonra bir müddət Əbdülməcid ailəsi ilə birlikdə Feriye sarayında qaldı.

1912-ci ilin ortalarında Osmanlı hökumətinin alban üzvü Bəsri bəy Avstriya-Macarıstan səfiri İohan fon Pallaviciniyə albanların Osmanlı şahzadəsinin başçılıq etdiyi müstəqil dövlət qurmaq istədiklərini söylədi, onlar Əbdülməcid Əfəndinin yeni dövlətin başına keçməsini istəyirdilər. Ən uyğun namizəd o idi, çünki bütün şahzadələr arasında ən çox qərbləşən və avropalaşan, qərb tərzində tərbiyəsi və təhsili olan o idi, lakin İtaliya bu fikrə qarşı çıxdı, nə Əbdülməcidi, nə də başqa bir Osmanlı şahzadəsini Albaniyanın başçısı kimi qəbul etməyəcəyini bildirdi. Avstriya-Macarıstan İtaliyanın mövqeyini dəstəklədi.

Taxt-tacın varisi XVII əsrin əvvəllərində meydana çıxan varislik prinsipinə görə, Osmanlı taxt-tacını sülalənin kişi cinsindən olan ən yaşlı nümayəndəsi miras alırdı; Əbdülməcidin əmisi oğlu Şahzadə Əbdülhəmid daha yaşlı olduğundan V Muraddan sonra yeni sultan o oldu. O zaman Əbdülməcidin taxt-taca sahib olmaq şansı az idi: o, beş əmisi oğlundan və iki böyük atabir və ana ayrı qardaşından sonra varislik iyerarxiyasında səkkizinci yeri tutmuşdu. 1909-cu ildə II Əbdülhəmid devrildi və onun kiçik qardaşı V Mehmed hakimiyyətə gəldi; o vaxta qədər Əbdülməcid sonradan Sultan olmuş əmisi oğlu Mehmed və rəsmi versiyaya görə 1916-cı ildə intihar edən ögey qardaşı Yusuf İzzəddindən sonra taxt-taca varislik xəttində üçüncü yerdə idi. Beləliklə, o, VI Mehmed dövründə taxta bir addım da yaxınlaşacaqdı.

1918-ci il iyulun 4-də VI Mehmed taxt-taca çıxdı, praktiki olaraq heç bir gücə sahib deyildi; ölkəni bu vaxta qədər xalqın dəstəyini itirmiş Ənvər Paşanın başçılıq etdiyi "Gənc türklər" hərəkatı idarə edirdi. Sülalənin taxt hüququna malik ən yaşlı kişi nümayəndəsi olan qırx yaşlı Əbdülməcid vəliəhd elan edildi. 1918-ci ilin yayında imperiyanın hərbi-siyasi vəziyyəti son dərəcə çətin idi; oktyabr ayında hökumət ölkənin Birinci Dünya müharibəsindən çıxmasını təsdiq edən və imperiyanın sonunu yaxınlaşdıran Mudros müqaviləsini imzaladı. 3 noyabrda "Gənc türklər"in çoxu ölkədən qaçdı, 14 noyabrda imperiyanın paytaxtı İstanbul Antanta dövlətləri tərəfindən işğal edildi və Osmanlı dövləti müttəfiqlərin əlində marionet dövlətə çevrildi. Sultanın hərəkətləri xalq tərəfindən tənqid olundu.

Atəşkəs dövründə sultanla vəliəhd Əbdülməcid arasında fikir ayrılığı var idi. Əbdülməcid Əfəndi vəliəhd kimi sultanı tənqid edən məktublar yazır, ona xəbərdarlıq edirdi. Bunlardan birincisini 1919-cu il yanvarın 18-də yazmış, Tofiq Paşa Hökumətinin zəifliyindən şikayət etmiş və Səltənət Şurasının çağırılmasını təklif etmişdir. O, 1919-cu il mayın 26-da Səltənət Şurasının iclasında iştirak etdi, lakin oradakı vəziyyət onu qane etmədi. Paris Sülh Konfransında türk millətinin hüququnun qorunması üçün ABŞ Prezidentinə, İngiltərə və İtaliya kralına, Fransa Baş nazirinə teleqramlar göndərdi. Fransanın Xarici İşlər naziri Pişonun "Osmanlı dövlətinin həyati maraqlarına toxunan heç bir şeyə laqeyd yanaşmayacağıq" cavabı mətbuatda öz əksini tapıb. Fransanın bu cavabı İngiltərə tərəfindən "yersiz" olaraq qiymətləndirilib. ABŞ Əbdülməcid Əfəndiyə verdiyi cavabda teleqramın alındığını və Paris Sülh Konfransında Osmanlı nümayəndə heyətinin dinləniləcəyini bildirdi. Əbdülməcid Əfəndi ikinci məktubunu 12 iyun 1919-cu ildə Sultan Vahidəddinə göndərdi. Məktubda Paris Sülh Konfransında Osmanlı imperiyasına təqdim edilən sülh şərtlərinin Türkiyə üçün ölüm hökmü olduğu vurğulanıb və Sultan Vahidəddindən bunun qəbuledilməz olduğunu Antanta dövlətlərinə bildirməsini istəyib. Vəliəhd Əbdülməcid eyni zamanda Anadoluda millətçilərlə hökumət arasındakı mübarizəyə son qoyulması, şahzadələrdən birinin başçılığı ilə Anadoluya bir heyət göndərilərək tərəflərin sakitləşdirilməsi lazım olduğunu da yazıb və Tofiq Paşanın sədrliyi ilə Paris Sülh Konfransına müdrik dövlət xadimlərindən ibarət nümayəndə heyəti göndərməyi təklif edib. left|thumb|256x256px|Əbdülməcid Əfəndi və qızı Dürrüşəhvar Sultan Lakin Kürəkən Fərid Paşa Paris Sülh Konfransına gedib müvəffəqiyyətsizliklə qayıtdıqdan sonra vəliəhd Əbdülməcid Əfəndi 16 iyul 1919-cu ildə Sultan Vahidəddinə üçüncü məktubunu yazdı və bu məktub da mətbuata daxil oldu. Yeddi maddədən ibarət olan məktubda sultanın siyasi partiyalar və fikirlər qarşısında tərəfsizliyi, seçkilərin dərhal keçirilməsi, iqtidar sahibləri və dövlət xadimləri ilə birgə çalışaraq bu günün şərtlərinə uyğun bir təklifin hazırlanması, bu təklifin ictimaiyyətə açıqlanması, tərəflər arasındakı düşmənçiliyin bir kənara qoyulması, etibarlı bir hökumətin qurulması, ümumi əfv elan edilməsi, Anadoluda qurulan cəmiyyətlərin tələblərinin araşdırılaraq ağlabatan tələblərinin yerinə yetirilməsi, birlik və həmrəyliyin təmin edilməsi təklif olunurdu. Əbdülməcid əhali arasında artan nifrətin azaldılmasının vacibliyini də vurğulayırdı. Əbdülməcid tez-tez Kürəkən Fərid Paşa hökumətinə müxalif fikirlər səsləndirirdi.

Əbdülməcid Əfəndi 29 iyul 1919-cu ildə saraya gedərək bu düşüncələrini birbaşa padşaha ərz etmiş və Kürəkən Fərid hökumətinin buraxılmasını istəmişdir. 8 avqust 1919-cu ildə İngilis Ali Komissarlığının baş tərcüməçisi Rayan Əbdülməcid Əfəndiyə xəbərdarlıq etmək üçün göndərildi. Rayanı qəbul edən vəliəhd ona dedi:

Əbdülməcid Əfəndinin Anadoluya keçəcəyi ilə bağlı söz-söhbətlər uzun müddət İngiltərə, Fransa və İtaliya kəşfiyyat orqanlarının hesabatlarına mövzu olmuş, vəliəhdin ofisi nəzarət altında saxlanılmışdır. 27 sentyabr 1920-ci ildə Əbdülməcid Əfəndi xarici kəşfiyyatçılar tərəfindən 38 günlük göz həbsinə məhkum edilmişdir, çünki ingilis hökuməti İstiqlaliyyət müharibəsində taxt vəliəhdinin iştirak etməsini doğru hesab etmirdi. Heç kimin içəri girməsinə və çıxmasına icazə verilmirdi və Əbdülməcid Əfəndi tam nəzarət altında idi. Bu vəziyyət qarşısında Əbdülməcid Əfəndi 1920-ci il sentyabrın 16-da yenidən Sultan Vahidəddinə sərt şəkildə məktub yazaraq ona qarşı tətbiq edilən haqsız və ədalətsiz rəftarın dərhal dayandırılmasını və bundan sonra Kürəkən Fəridə heç bir səlahiyyət verməməsini tələb etdi. Bu məktuba baxmayaraq göz həbsi daha bir ay davam etdi və bu, vəliəhd ilə sultan arasındakı münasibətlərin daha da pisləşməsinə səbəb oldu.

25 – 26 aprel 1921-ci ildə Əbdülməcid Əfəndinin oğlu Ömər Fərrux Əfəndi gizli şəkildə İneboludan Ankaraya getmək fikrinə düşdü. Mustafa Kamal Paşa ona teleqram göndərdi. Teleqramda xahiş edirdi ki, Əbdülməcid Ankaraya getməsin. Çünki əgər Əbdülməcid Ankaraya səfər etsəydi, ictimaiyyətdə fövqəladə problemlər yaranar, səltənət mənsubları arasında bəzi yanlış təsəvvürlərə səbəb olardı.

Əbdülməcid Əfəndi bu teleqramdan sonra İstanbulda qalmağa məcbur oldu, lakin iki yavərini Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmək üçün cəbhəyə göndərdi. Yavərlərindən biri Kazım Qarabəkir Paşa, digəri isə İsmət Paşa idi.