Qurbanov Cavid Qənbər oğlu () — Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri. Milli Məclisin III, IV və V çağırışların deputatı. Texniki elmlər namizədidir.

Həyatı Cavid Qurbanov 1958-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olmuşdur. 1975-ci ildə Kəlbəcər rayon orta məktəbini bitirdikdən sonra 1975–1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışmışdır. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1977–1979-cu illərdə ordu sıralarında hərbi xidmət etdikdən sonra 1979-cu ildə 26 Bakı komissarı nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlamışdır. 1980–1981-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunda texnik-cizgiçi, 1982–1987-ci illlərdə "Azərnəqliyyattikinti" Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışmışdır. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1987–1992-ci "Elektromexanizasiya" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor, 1992–1993-cü illərdə Respublika İxtisaslaşdırılmış "Avtonəqliyyat" Birliyində baş direktor vəzifəsində çalışmışdır.

Ailəsi İki övladı var. İlk həyat yoldaşı ağır xəstəlikdən vaxtsız vəfat etmişdir..

Aşıq Qurban Ağdabanlının nəticəsi, Aşıq Şəmşirin nəvəsi, Qənbər Şəmşiroğlunun oğludur.

İctimai-siyasi fəaliyyəti 1993–1994-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətində Prezident vəzifəsində işləmişdir. 1995-ci ildə "Azərərzaqnəqliyyat" Birliyində direktor, 1996–1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997–2001-ci illərdə "Azərdəmiryolservis" İstehsalat Birliyində rəis kimi çalışmışdır. 2003-cü ildən "Yolnəqliyyatservis" Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olmuşdur. 2007-ci ilin fevral ayından "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, "Azəryolservis" ASC-nin sədri vəzifəsini tutmuşdur. Texniki elmləri namizədidir.

123 saylı Kəlbəcər Seçki dairəsindən III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

9 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunmuşdur. O, 24 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin digər Sərəncamı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

12 oktyabr 2016-cı il tarixindən Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib.

Azərbaycan Atletika Federasiyasının prezidenti (1 aprel 2023-cü il tarixindən).

Cavid Qurbanov həm də şair fəaliyyəti ilə də məşhurdur. Onun şeirlərinə mahnılar da bəstələnib.

Onlardan ən məşhuru müğənni Röya Ayxanın repertuarından, musiqisi Nailə Mirməmmədliyə aid "Unutmaq istədim" mahnısıdır.

Mükafatları Cavid Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

İstinadlar

Xarici keçidlər "Azərbaycan Dəmir Yolları" saytda profili Milli Məclis saytda profili

Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Dəmir Yollarının rəhbərləri Kateqoriya:Azərbaycan Atletika Federasiyasının prezidentləri Kateqoriya:Azərbaycan Voleybol Federasiyasının prezidentləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar mühəndisləri