Bəkir Əhməd oğlu Nəbiyev () — Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), filologiya elmləri doktoru (1970), professor (1982), Azərbaycan SSR Əməkdar elm xadimi (1990), Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.
Həyatı Bəkir Nəbiyev 21 avqust 1930-cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947). 1949-cu ildə məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan Bəkir Nəbiyev 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O,1956–1959-cu illərdə universitetin Azərbaycan ədəbiyyatı kafedrasının aspirantı olmuşdur.
Atası Əhməd Məhəmməd oğlu Nəbiyev 1888-ci ildə doğulub. İlk təhsilini atasından alıb, Qurani-Kərimi babasından öyrənib. O, keçən əsrin əvvəllərində Ağdaşda "Darülürfan" məktəbi açmış həmyerlimiz, məşhur maarif xadimi Muxtar Əfəndizadənin (1880–1975) yanında ərəbcəsini daha da təkmilləşdirib, rus dilini öyrənib, coğrafiya, həndəsə, tarix, ədəbiyyat, nücum sahəsində yeni biliklər əxz edib.
1937-ci ildə atası və əmisi həbs edilir. Arxangelskdə, Komidə "cəzasını" çəkərkən atası taleyinə düşən işgəncələrə dözməyib,1942-ci ildə Ural dağlarının ətəklərində yerləşən məhbəs baraklarının birində həlak olub.
Anası Seyid Zəhra 1898-ci ildə Ağdaşın, Üçqovaq kəndinin "Yuxarı başında", gənc yaşlarında dünyasını dəyişdiyi üçün üzünü görmədiyi Mir Sadıq babasının ailəsində doğulub. Namaz qılar,Quran oxuyar, oruc tutardı. Öz davranış və əməlləri ilə daim ailəsinə başucalığı gətirən anası Seyid Zəhra 1967-ci ildə vəfat edib.
Əmək fəaliyyətinə müharibə illərində başlamışdır. Ağdaş radio şəbəkəsinin diktoru işləmişdir (1945–1947). Sonra Ağdaş şəhərində 3 nömrəli yeddiillik məktəbdə və Yeniarx kəndində müəllimlik etmişdir (1947–1949). Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır (1949–1954). Eyni zamanda Bayıldakı 55 saylı orta məktəbdə ədəbiyyat müəllimi olmuşdur. Tələbəlik illərində ilk tənqidi qeydləri "Lenin tərbiyəsi uğrunda" qəzetində dərc olunmuşdur.
Akademiyanın Ədəbiyyat İnstitutunda baş elmi işçi, şöbə müdiri (1960–1970) vəzifələrində çalışmış, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru olmuş (1971–1987). 14 il Akademiyada Ədəbiyyat, Dil və İncəsənət Bölməsinə rəhbərlik etmişdir (1987–2001). Azərbaycan Mədəniyyət Fondunun (1982–1986), Azərbaycan Ədəbiyyat Fondunun (1987–1991) sədri olmuşdur.
Ədəbi fəaliyyətə "Ədəbiyyat qəzeti"nin 4 noyabr 1951-ci il tarixli sayında çap edilən "Dama-dama göl olar" rəyi ilə başlamışdır.
Ailəsi Bəkir Nəbiyev 1957-ci ildə Ədalət xanım Nəbiyeva ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi. Oğlu Sadıq Nəbiyev 1958-ci ildə anadan olmuşdur. O, ali təhsilli tarixçi,politoloq və hüquqşünasdır. AMEA Rəyasət Heyəti aparatının Elmi katibidir. Qızı Leyla İmanova 1960-cı ildə anadan olmuşdur. 1978–1984-cü illərdə Azərbaycan Dövlət Tibb Universiteti, Müalicə–profilaktika fakültəsi, müalicə işi üzrə həkim ixtisasına yiyələnən L. İmanova 1993–1995-ci illərdə AMEA, "İnsan fiziologiyası" ixtisası üzrə aspirantura təhsili almışdır.
Əmək fəaliyyəti Universiteti bitirdikdən sonra "Azərbaycan gəncləri", "İnşaatçı" qəzetlərində məsul katib müavini, ədəbi işçi vəzifələrində işləmişdir (1954–1957). ADU-nun aspiranturasına daxil olmuş, "F. Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1960).
"Kommunist" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri işləmişdir (1959–1961). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun sovet ədəbiyyatı şöbəsində kiçik elmi işçi, şöbə müdiri və institutun elmi katibi (1961–1971), Azərbaycan EA Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru (1971–1986), Azərbaycan Ədəbiyyat Fondunun sədri işləmişdir (1982–1986).
AMEA Rəyasət Heyətinin üzvü və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olmuşdur (2003–2012). "Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin, ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin müəlliflərindən və redaktorlarından biri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin baş redaktorudur. 1987-ci ildən "Azərbaycan MEA Xəbərləri (Ədəbiyyat, dil və incəsənət seriyası)" jurnalının baş redaktoru olmuşdur. Ali məktəblərdə mühazirələr oxumuşdur. Təfəkkür Universitetində filologiya kafedrasının müdiri olmuşdur (2002). 30 cildlik "Türk dünyası ədəbiyyatı" ensiklopediyasının respublika üzrə məsul əlaqələndiricisi idi.
AMEA Ədəbiyyat, Dil və İncəsənət bölməsinin rəhbəri olmuşdur (1987–2001). AMEA partiya komitəsinin katibi (1978–1979), Azərbaycan KP Bakı şəhər komitəsinin plenum üzvü, 26 Bakı komissarı rayon komitəsinin büro üzvü seçilmişdir (1978–1981). Yazıçılar İttifaqı nəzdində tənqid və ədəbiyyatşünaslıq şurasının (1965–1985), SSRİ EA nəzdində humanitar elmlərə dair tədqiqatları əlaqələndirmə Şurasının, Azərbaycan EA Rəyasət Heyətinin üzvü, "Xəbərlər" (Ədəbiyyat, Dil və İncəsənət seriyası) jurnalının baş redaktoru, Azərbaycan Mədəniyyət fondunun sədri (1987–1990), ədəbiyyat üzrə ixtisaslaşdırılmış müdafiə şurasının sədri (1993-cü ildən), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiya heyətinin, Dövlətnəşrkomun metodiki şurasının, C. Cabbarlı adına "Azərbaycanfılm" studiyasının bədii şurasının, Azərbaycan Yazıçılar İttifaqının, "Vətən" cəmiyyəti idarə heyətinin, respublika "Bilik" cəmiyyəti plenumunun üzvü, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasının məsləhətçisi, Sovet-Pakistan Dostluq Cəmiyyəti Azərbaycan şöbəsinin sədr müavini kimi fəaliyyət göstərmişdir.
Elmi fəaliyyəti Bakıda bədii ədəbiyyatda realizm (1966), romantizm (1972) məsələlərinə, Moskvada, Kiyevdə, Tbilisidə, Almatıda, Düşənbədə qarşılıqlı ədəbi əlaqələr problemlərinə həsr edilmiş simpoziumlarda (1978, 1980, 1983, 1986, 1989) məruzəçi olmuşdur. Birinci Millətlərarası Azərbaycan Konqresində "Azərbaycan ədəbiyyatı tarixinin yazılması prinsipləri" (Qayseri, 1990), Azərbaycan Mühacirət Ədəbiyyatı simpoziumunda "Azərbaycan ədəbiyyatında qürbət lirikası" (Bakı, 1991), Üçüncü Uluslararası türk kültürü konqresində "Əhməd Cavadın yaradıcılığında türkçülük idealları" (Ankara, 1996), Beynəlxalq Nizami konqresində "Nizami və Gəncə" (Təbriz, 1993), Beynəlxalq Füzuli konqreslərində "Hədiqətüs-süəda"nın fikri-bədii vüsəti (Tehran, 1995), "Aşiqanə sözün bənzərsiz ustadı" (Ankara, 1996), Dördüncü Uluslararası Türk Kültürü Konqresində "Azərbaycan dilinin terminoloji lüğətləri" (Ankara, 1997) mövzularında məruzələr etmişdir. Çexiya, Slovakiya, Yuqoslaviya, Yunanıstan, Danimarka, İran, İraq, Səudiyyə Ərəbistanı, ABŞ, Çin və Yaponiyada beynəlxalq ədəbi-elmi və siyasi məclislərdə məruzə ilə çıxış etmişdir.
50 kitabı,700-ə yaxın məqalə və resenziyası cari ədəbi prosesin, klassik irsin, ədəbi tənqidin, poeziyada sənətkarlıq məsələlərinin, qarşılıqlı ədəbi əlaqələrin, bədii tərcümələrin tədqiqinə həsr edilmişdir. "Firidun bəy Köçərli" (1963) kitabı böyük ədəbiyyat tarixçimiz və tənqidçimiz haqqında ilk monoqrafiyasıdır. Azərbaycan bədii fikrinin İkinci dünya müharibəsi ilə ilgili zəngin qaynaqları ilk dəfə "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" (1977) kitabında sistemə salınıb geniş təhlil edilmişdir. Qarşılıqlı ədəbi əlaqələr, bədii yaradıcılığın spesifik xüsusiyyətləri, ədəbiyyatda xəlqilik, poeziyada fərdi üslub məsələləri bir alim və tənqidçi kimi "Tənqid və ədəbi proses", "Roman və müasir qəhrəman", "Özümüzdən başlayaq", "Çətin yollarda", "Xəzan vurmasın" və s. kitablarında ardıcıl surətdə qoyulub araşdırılan, klassik irsin və canlı ədəbi prosesin zəngin faktları əsasında ümumiləşdirilən problemlərdəndir.
Akademik Bəkir Nəbiyevin çoxyönlü səmərəli fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. Hələ uzaq 1957-ci ildə 27 yaşlı gənc ikən Moskva şəhərində Gənclərin və Tələbələrin VI Ümumdünya festivalında uğurlu iştirakına görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə dövlət təltifləri "hesabını açan" Bəkir Nəbiyev, sonrakı illərdə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı (1974), "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" monoqrafiyasına görə Azərbaycan SSR Dövlət Mükafatı (1978), ədəbiyyat sahəsindəki xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (1981), "Xalqlar dostluğu" ordeni (1986), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə əməkdar elm xadimi fəxri adı (1990), ümummilli lider Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni (2000), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə "İstiqlal" ordeni (2005) və nəhayət, "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" (kollektiv) əsərinə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı (2010) ilə təltif edilmişdir.
Rəhbərliyi altında 25 gənc ədəbiyyatşünas doktorluq və namizədlik dissertasiyaları hazırlamış, müvəffəqiyyətlə müdafiə etmişdir.
1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1960-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
15 mart 2012-ci ildə Bəkir Nəbiyev Bakı şəhərində vəfat edib.Akademik Bəkir Nəbiyev vəfat edib
Mükafatları "Qızıl qələm" mükafatı — 1972 Azərbaycan SSR Dövlət mükafatı — 1978Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı — anl.az saytı Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 16.01.1981B. Ə. Nəbiyev yoldaşın Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 yanvar 1981-ci il tarixli Fərmanı — anl.az saytı "Xalqlar Dostluğu" ordeni — 1986 "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1990 "Hacı Zeynalabdin Tağıyev" mükafatı — 1993 "Məmməd Araz" mükafatı — 1994 "Ustad" Ali mükafatı — 1997 Beynəlxalq TİKA mükafatı — 2000 "Şöhrət" ordeni — 17 avqust 2000 "İstiqlal" ordeni — 14 dekabr 2005 Azərbaycan Respublikasının Dövlət Mükafatı (Ədəbiyyat sahəsi üzrə) — 26 may 2010 Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu — 2010 Mediaforum.az saytı. BƏKİR NƏBİYEV TƏLTİF OLUNDU
Bəkir Nəbiyev haqqında olan fikirlər Türk və İslam dünyasının və Azərbaycanın tanınmış elm xadimi, Azərbaycanın ən təcrübəli ədəbiyyatsünaş-alimlərindən biri olan Bəkir Nəbiyev barədə Azərbaycanın tanınmış alim və mütəfəkkirlərinin dedikləri fikirlər çox maraqlıdır. Həmin fikirlərin bir neçəsi aşağıdakı kimidir:
"Bəkir Nəbiyev müasir ədəbi prosesi diqqətlə izləyən bir tənqidçi kimi tanınır. Təsadüfi deyil ki, onun əsərində müasir roman və müsbət qəhrəman, nəsrimizdə konflikt və xarakterin ifadə tərzi, psixoloji təhlil kimi yaradıcılıq problemlərinə dair mülahizələrində yorulmaz bir tədqiqatçının əməyi ilə yanaşı, fəal bir tənqidçinin təfəkkürü də özünü göstərir." — Mir Cəlal Paşayev, filologiya elmləri doktoru, professor
"B. Nəbiyev hələ tələbə ikən mənim nəzərimi cəlb etmiş, yaxın gələcəkdə belə bir əsər yaza biləcəyi xüsusda təsəvvür doğurmuşdu…Mənim rəhbərliyim altında hazırlanmış 20-dək aspirant arasında B. Nəbiyev ən istedadlılarından biri sayıla bilər." — Cəfər Xəndan Hacıyev, filologiya elmləri doktoru, professor
"Bəkir Nəbiyev Universitetdə mənim tələbəm olmuşdur… О, bütün ömrü boyu zərgər dəqiqliyi ilə gözlərinin qarşısında cərəyan edib yüksələn ədəbi prosesi izləmiş, onun keçdiyi yolları dəyərləndirmiş, yönünü müəyyənləşdirmişdir.
Bu, çox çətin məsələdir. Ona görə ki, klassiklərimizi tədqiq edən alim tamama yetmiş və müəyyənləşmiş prosesi izləyirsə, bugünkü ədəbiyyatı öyrənən alim hara gedib çıxacagı məlum olmayan, tamamlanmamış, hələ yolda olan ədəbi prosesi tədqiq edir və yaxşısını-pisini göstərməklə ona yön verməyə çalışır. Olanı göstərmək, tədqiq etmək bu mənada asandır, hələ yolda olan yolçunun mənzil başına qədər hansı cığırlardan keçib ana yola çıxmasına kömək etmək kimi çətin iş isə tənqidçi alimin boynuna düşür. B. Nəbiyev məhz belə çətin bir işlə uğurla məşğul olur.