Kseniya Miliçeviç () — Fransa rəssamı, memarı və şəhərsalma mütəxəssisi. Onun Parisdə, Monmartrdakı Bato-Lavuar adlı binada yerləşən studiyası var. Kseniya Miliçeviç həmçinin Fransanın cənub-qərbində yerləşən studiyada da fəaliyyətini davam etdirir.

Həyatı Kseniya Miliçeviç 1942-ci ildə Bosniya və Herseqovinanın Driniç kəndində dünyaya gəlib. Anası Nyu-Yorkun Lakavonna şəhərində, atası isə Monteneqroda anadan olub. Hər ikisi İkinci Dünya müharibəsi zamanı partizan əməliyyatlarında iştirak edən keçmiş partizanlardır. Bosniyanın cənub-şərqində və Monteneqronun şimalında 1943-cü ilin yanvar-aprel aylarında baş verən dördüncü və 1943-cü ilin may-iyun aylarında baş verən beşinci antipartizan hücumundan sonra o, nənə və babası ilə Monteneqroda qalmışdı. Müharibədən sonra Kseniyanın valideynləri diplomatik xidmətə qoşuldular və o da valideynləri ilə birlikdə Sofiya və Praqada yaşadı.

Kseniya Miliçeviç qədim monastırlardakı memarlıq, mozaika, freskalar və rəsm əsərləri ilə maraqlanırdı. Həm də rəssam olan atası ona yağlı boyalarını hədiyyə etmiş, nəticədə Kseniya on beş yaşında ikən ilk yağlı boya rəsmini çəkmişdi. O, orta məktəbdə təhsilini başa vurduqdan və Belqradda Mühəndislik Universitetində bir il təhsil aldıqdan sonra 1962-ci ildə Əlcəzairə köçdü. Orada Şəhərsalma İnstitutunda şəhərsalma, Memarlıq Məktəbində isə memarlıq üzrə təhsil aldı. Hər iki təhsil müəssisəsini 1968-ci ildə bitirən Miliçeviç boş vaxtlarında elə təhsil aldığı eyni binada yerləşən Təsviri İncəsənət Məktəbində rəssam Məhəmməd İssiaxemin rəsm dərslərinə qoşulurdu. O, ECOTEC-də bir il Braziliya memarı Oskar Nimeyerin komandası ilə işləmişdi. İtaliya İntibah dövrü ilə maraqlanan Kseniya 1965-ci ildə məşhur rəssamların əsərlərini görmək üçün İtaliyaya səyahət etmişdi.

Miliçeviç memar kimi işləmək üçün Argentinanın şimalındakı San-Migel-de-Tukuman şəhərinə köçür. O, burada Dövlət Universitetin incəsənət məktəbinə daxil olmuş və 1976-cı ildə məzun olmuşdu. Onun ilk sərgisi 1970-ci ildə Tukuman əyalətində baş tutmuşdu.

250px|thumb|right|Kseniya Miliçeviç 2023-cü ildə İspaniya və Meksikada da yaşayan Kseniya 1987-ci ildən Fransada məskunlaşır. 1989-cu ildə Monmartrdakı Bato-Lavuarda bir emalatxana açır. Onun studiyası Macarıstan və Fransa rəssamı Endre Rozdanın studiyasının yanındadır. Kseniya 1976-cı ildən bəri yalnız rəssamlıqla məşğul olur. O, dünyanın müxtəlif yerlərində 120 fərdi və kollektiv sərgi keçirib.

Kseniya Miliçeviç 2010-cu ildən etibarən bir əsərin əsasını təşkil edən üç ünsürün (gözəllik, məkan və zaman) incəsənətdə getdikcə yox olmasına, eləcə də incəsənətin məhv olmasının insanın yox olmasına işarə olub bu yoxolmanı dəstəklədiyinə diqqət çəkən məqalələr dərc etdirir.

2011-ci ildə Fransanın Yuxarı Qaronna departamentində Müqəddəs Fraju Rəsm Muzeyinin açılışı olmuş və muzeyin daimi kolleksiyasında Miliçeviçin otuz əsərindən ibarət kolleksiya nümayiş etdirilmişdi. 2012-ci ildə Kseniya Miliçeviç Beynəlxalq Uşaq Rəsm Biennalesini yaratmışdı. 2014-cü ildə Kseniya Miliçeviç İncəsənət Dayanıqlığı hərəkatını, 2015-ci ildə isə Beynəlxalq İncəsənət Dayanıqlığı Sərgisini təsis etmişdi. O, Boris Kirulnikin sədrliyi ilə 19-21 may 2016-cı il tarixlərində keçirilən Avro-Aralıq dənizi Konqresi - Marsel: Yaşayanların Dünyasında Davamlılıq tədbirində iştirak edərək "İncəsənətdə davamlılığa müdaxilə" mövzusunda çıxış etmişdi.

Qalereya

İstinadlar

Xarici keçidlər