Nəbilə İrdəlp (; ) — Mustafa Kamal Atatürkün mənəvi qızı.

18 yaşındaykən Dolmabağça sarayına gedərək Atatürkün mənəvi qızı kimi qəbul edilmişdir. 1934-1935-ci illərdə Atatürkün ölkədaxili səfərləri və cümhuriyyət ballarında onu müşayiət edən Nəbilə xanım, Atatürkün vəsiyyətnaməsinə əsasən, aylıq təqaüd verilən varislərindən biridir. Həyat və fəaliyyəti 1910-cu ildə İstanbulda anadan olmuş Nəbilə İrdəlpin atası Osmanlı dövrü hüquqşünası və Bəylərbəyidəki Bədəvi Dərviş Lojasının şeyxi Seyit Mehmed Səid Əfəndinin oğlu Mehmed Nəsib bəy (Sayıt) olub.

O dövrdə İzmit valisi olan Əşrəf bəyin qardaşı qızı Nəbilə xanımın Dolmabağça sarayına girməsi və Atatürklə qarşılaşması müxtəlif mənbələrdə müxtəlif cür yansıdılıb.

Camal Qranda xatirələrində yazır ki, 1927-ci ilin iyulunda İstanbuldakı Çapa Müəllim Məktəbindən üç qız tələbə xidmət üçün Dolmabağça sarayına gətirilmiş, aralarından Nəbilə, Atatürkün mənəvi qızı olaraq sarayda qalmışdı.

Yaqub Qədri Qaraosmanoğlunun həyat yoldaşı Leyla Qaraosmanoğlu 1985-ci ildə jurnalist Emin Çölaşana, Nəbilə xanımın evindən qaçaraq gizlicə Dolmabağça sarayına daxil olduğunu demişdi. Tutulduğu zaman qovulmamaq üçün yalvaran və orada xidmətçi kimi qalan Nəbilə, bir gün yuxarı mərtəbəyə qalxaraq özünü Mustafa Kamal Paşaya aşağı mərtəbənin xidmətçisi kimi təqdim etmişdi.

Nəbilə xanım bir ilə yaxın Çankaya köşkündə yaşayıb. O, Arnavutköy Amerikan Kollecində təhsil alıb. 1929-cu ildə isə Vyana səfirliyində diplomat olan Təhsin bəylə evləndirilib. 17 yanvar 1929-cu ildə Ankara Palasda Atatürkün və digər qonaqların iştirakı ilə toy mərasimi baş tutub. İki il sonra onlar ayrıldı.

İlk yoldaşından boşandıqdan sonra yenidən Atatürkün yanına qayıdan Nəbilə xanım, 1934-1935-ci illərdə Atatürkü ölkədaxili səfərlər və cümhuriyyət ballarında müşayiət etdi. 1937-ci ildə ikinci dəfə Atatürkün şəxsi həkimi Ömər bəyin qardaşı oğlu olan və İzmit Kağız Fabrikində mühəndis işləyən Səbahətdin İrdəlplə evlənərək "İrdəlp" soyadını qəbul etdi. Toy mərasimi Dolmabağça sarayında, Atatürkün hüzurunda gerçəkləşdi.

1938-ci ildə sirroz xəstəliyi şiddətlənən Mustafa Kamal Atatürk, xəstəliyi zamanı yazdığı vəsiyyətnaməsində ona da varislərindən biri kimi, ölümündən sonra vəsiyyətnaməyə əsasən aylıq 100 lirə maaş təyin edilməsini vəsiyyət etmişdi.

İkinci həyat yoldaşından da ayrılan Nəbilə xanım, meningit və vərəm xəstəliyinə tutulmuş, Atatürkün vəfatından sonra isə qismən iflic keçirmişdir. Şiddətlənən meningit nəticəsində görmə qabiliyyətini itirmiş, 1939-cu ildə vəziyyəti ağırlaşdıqda isə Yakacıq Sanatoriyasına yerləşdirilmişdir. 1941-ci ildə yayımlanan müsahibəsində, Prezident İsmət İnönünün onunla yaxından maraqlandığını və bir ilə yaxın İstanbuldakı "La Paix" xəstəxanasında qaldığını bildirmişdir. Bu müsahibədən təxminən iki il sonra o, vəfat etdi. Nəbilə İrdəlp Feriköy qəbiristanlığında dəfn edilmişdir.

Onun dəqiq ölüm tarixi məlum deyil. Orxan Bayrağın "Atatürk və Atatürk" kitabında, ölüm tarixi 1943-cü il kimi verilib. Atatürkün vəsiyyətnaməsindən aldığı maaşını və bütün varidatını Darüşşafakaya bağışlayıb.

İstinadlar

Xarici keçidlər "Yalnız Benim Duam Ona Yetişir", muhabir Selahaddin Güngör'ün Nebile Hanım ile yaptığı söyleşi, Cumhuriyet, 29 Eylül 1941