İsaq Şeyxzaman, İsaq Şıxzaman və ya İsaq Şeyxzamanov () — azərbaycanlı hüquqşünas, pedaqoji elmlər namizədi Cümhuriyyət tələbələrindən biri, repressiya qurbanı.

1911-ci ildən Parisdə yaşayıb. Azərbaycan Cümhuriyyətinin Paris Sülh Konfransındakı Nümayəndə Heyətinin üzvü Əkbər ağa Şeyxülislamovun köməkçisi olub. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil alıb. Paris Universitetinin hüquq fakültəsini bitirib.

Fransa Kommunist Partiyasının və Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. Genuya konfransında Sovet nümayəndə heyətinin Şərq və Qafqaz işləri üzrə eksperti və eyni zamanda Sovet nümayəndə heyətinin üzvü Nəriman Nərimanovun katibi kimi iştirak edib. 1925-1926-cı illərdə Türkiyədəki Sovet səfirliyinin diplomatik attaşesi kimi işləyib. Müxtəlif illərdə Özbəkistan SSR, Türkmənistan SSR, Mari MSSR-də vəzifələr tutub. 1935-ci ildə Bakıya köçüb və Azərbaycan Dövlət Elmi-Tədqiqat Məktəblər İnstitutunun direktoru olub.

1940-cı il fevralın 15-də XDİK tərəfindən həbs olunub. 1941-ci il yanvarın 25-də SSRİ XDİK Xüsusi Müşavirəsinin qərarı ilə 8 illiyə islah-əmək düşərgələrinə məhkum olunub. Sonrakı həyatı haqda məlumat yoxdur.

Həyatı

İlk illəri 250px|thumb|left|Arxa cərgədə 1-ci Əli Yusif, 2-ci İsaq Şeyxzaman, 3-cü Miri bəy Vəzirov. 1922-ci il Paris. İsaq Musa oğlu Şeyxzaman 1892-ci ildə Sarov kəndində anadan olub. Bir neçə ildən sonra ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüb. Burada gimnaziyada təhsil alıb.

1911-ci ildə ailə qurub və Fransaya köçüb. Elə həmin il Paris Universitetinin fəlsəfə fakültəsinə daxil olub. 1912-ci ildə universitetin hüquq fakültəsinə keçib.

1915-ci ilədək atasından kömək alaraq yaşayıb. Daha sonra Parisdə yerləşən Les Halles bazarında arabaçı işləyib. 1917-ci ildə Ticarət-Sənaye Bankında hesabdar köməkçisi işləməyə başlayıb. Parisdə Beynəlxalq Əlaqələrin Bərpası Komitəsinə daxil olub.

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. 1919-cu ildə Azərbaycan Cümhuriyyəti tərəfindən Paris Sülh Konfransında iştirak etmək üçün nümayəndə heyəti Parisə göndərildi. Bu dövrdə İsaq bəy nümayəndə heyətinin üzvü Əkbər ağa Şeyxülislamovun köməkçisi kimi işləməyə başlayıb.

1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Bundan sonra İsaq bəy ona dövlət təqaüdü verilməsi haqqında AC Xalq Maarif Nazirliyinə ərizə yazıb. Lakin onun ərizəsi Azərbaycana gec çatdığı üçün komissiya artıq bölüşdürülmüş 100 təqaüddən birini ona verməyi mümkün saymayıb. Məhz buna görə də İsaq bəyə təqaüdün verilməsi Azərbaycan Sülh Heyətinə tapşırılıb.

İsaq bəy də xaricdə ali təhsil almaq üçün seçilən tələbələrdən biri olub. Amma o digər cümhuriyyət tələbələri kimi AC Xalq Maarif Nazirliyinin deyil, Xariciyyə Nazirliyinin təqaüdünü alıb.

Aprel işğalından sonra İsaq bəy ASSR Xarici İşlər Komissarlığının təqaüdçüsü olub. 1920-ci ildə Paris Universitetini bitirib. 1921-ci ildə Fransa Kommunist Partiyasına üzv olub. Elə həmin il Fransadan sürgün edilib.

SSRİ-də 1922-ci ilin fevral ayında Bakıya çatıb. Sergey Kirovun tapşırığı ilə Genuya konfransına göndərilib. Konfransda Sovet nümayəndə heyətinin Şərq və Qafqaz işləri üzrə eksperti və eyni zamanda Sovet nümayəndə heyətinin üzvü Nəriman Nərimanovun katibi kimi iştirak edib. Daha sonra 7 ay Berlində yaşayıb. Orada nəşr olunan "Inprekorr" qəzetində də "Azərbaycan rəqəmlərdə" adlı məqaləsi nəşr olunub. 250x250px|thumb|Həbsdə ikən, 1940-cı il. Bakıya qayıtdıqdan sonra AK(b)P Bakı Komitəsində təbliğat-təşviqat şöbəsinə və Azərbaycan Xalq Maarif Komitəsində Baş Siyasi Maarif İdarəsi sədrinin müavini təyin olunub. 1923-cü ilin aprelində XMK tərəfindən Moskvaya "Ümumittifaq Savadsızlığı Ləğvetmə Komitəsinin I qurultayı"na göndərilib. Moskvada olarkən Fransa Kommunist Partiyasından Sovet İttifaqı Kommunist Partiyasına keçib. 1923-cü ilin oktyabr ayına qədər Stalin adına Şərq Əməkçiləri Kommunist Universitetində tədris hissə müdiri işləyib. Daha sonra Xamovniki rayon partiya komitəsinə baza katibi təyin olunub. Bir müddət sonra Ankaraya göndərilib və 1925-1926-cı illərdə Türkiyədəki Sovet səfirliyinin diplomatik attaşesi kimi işləyib.

1926-cı ildə ÜK(b)P MK tərəfindən Səmərqəndə göndərilib və Xalq Ticarət Komissarlığı Kollegiyasının üzvü təyin olunub. 1927-ci ildə Türkmənistan SSR-də Dövlət Elmi Şurası (DEŞ) müavini əvəzi təyin olunub. DEŞ ləğv olunduqdan sonra yeni yaradılmış Türkmənistan SSR Mədəniyyəti İnsitutunun Rəyasət Heyətinin üzvü və diyarşünaslıq mərkəzi bürosunun sədri təyin olunub. Moskvada Elmi-Pedaqogika Institutunda aspirantura təhsili alıb. Mari Muxtar Vilayətində ÜK(b)P vilayət komitəsində məktəb-ali məktəb bölməsinin müdiri və pedaqogika kafedrasının müdiri işləyib. 1934-cü ildə Aşqabadda Pedaqoji İnstitutun pedaqogika kafedrasının müdiri işləyib. Əvvəlcə 1935-ci il iyunun 17-dən 1936-cı il avqustun 8-ə qədər daha sonra isə 1938-ci il iyunun 6-dan etibarən Azərbaycan Dövlət Elmi-Tədqiqat Məktəblər İnstitutunun direktoru olub.

1940-cı il fevralın 15-də XDİK tərəfindən həbs olunub. 1941-ci il yanvarın 25-də SSRİ XDİK Xüsusi Müşavirəsinin qərarı ilə 8 illiyə islah-əmək düşərgələrinə məhkum olunub. Sonrakı həyatı haqda məlumat yoxdur.

Xatirəsi İsaq Şeyxzamanın Parisdə Ceyhun bəy Hacıbəyliyə yazdığı 4 məktub Salman Mümtaz adına AR Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunur. Bu məktubları diplomat Ramiz Abutalıbov arxivə təqdim edib.

Ailəsi İsaq Şeyxzamanın atası Musa əvvəlcə Sarovda daha sonra isə Gəncədə yaşayıb. Ticarətçi və torpaq sahibi olub. 1933-cü ildə vəfat edib.

İsaq bəy ümumilikdə 4 dəfə ailə qurub. Birinci dəfə 1911-ci ildə Bəyim Mirzəyeva ilə ailə qurub. 1913-cü ildə bu evlilikdən Jak adlı oğulları dünyaya gəlib. Oğlu Jak SSRİ-də "Jak Isaakoviç Şeyxzamanov" kimi tanınıb. Rus və sovet fiziki olan Sergey Vernovun rəhbərliyi altında 1937-ci ildə Sakit okeana göndərilmiş elmi ekspedisiyanın 4 üzvündən biri olub.

1925-ci ilin noyabr ayında SSRİ-nin Türkiyədəki səfirliyində attaşe işləyərkən Atatürkün yavəri olmuş Cavad Abbas Gürərin baldızı Neşe Namiye ilə ailə qurub.

1930-cu illərdə Frida Aleksandrovna adlı xanımla ailə qurub. Bu evlilikdən Leyla adlı qızı olub.

Həmçinin bax Cümhuriyyət tələbələri

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Şeyxzamanovlar Kateqoriya:Fransa azərbaycanlıları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Azərbaycanlı hüquqşünaslar