Türkmənistan Yüksək Liqası () — Türkmənistanın futbol liqaları sistemində ən yüksək divizion. Çempionat 1992-ci ildə, SSRİ-nin süqutundan və Türkmənistanın müstəqillik əldə etməsindən sonra təsis edilmişdir. Türkmənistan Futbol Federasiyası tərəfindən təşkil olunur və idarə edilir.
Son yeddi mövsüm ardıcıl olaraq Aşqabadın "Altın Asır" klubu çempionluq qazanmışdır. Bu, milli rekord hesab olunur. Digər rəqiblər arasında Aşqabadın "Kopetdağ" klubu 6 dəfə turnirin qalibi olmuşdur. Türkmənistan Yüksək Liqasının matçları "Turkmenistan Sport" dövlət idman telekanalı vasitəsilə yayımlanır.
Çempionat tarixinin ən sürətli qolu 2005-ci ildə qeydə alınmışdır. HTTU komandasının futbolçusu Berdi Şamuradov "Kopetdağ" klubunun qapısına 14-cü saniyədə yol tapmışdır.
Türkmənistan SSR çempionatı 1937-ci ildən 1991-ci ilədək SSRİ dövründə ittifaq respublikası olan Türkmənistan SSR-də respublika futbol çempionatı keçirilmişdir. SSRİ-nin futbol liqaları sistemində respublika çempionatları fiziki tərbiyə kollektivlərinin (FTK) yarışı statusuna malik idi və burada əsasən respublikanın yarımpeşəkar və həvəskar komandaları iştirak edirdi. Türkmənistan SSR-nin ən güclü klubları ümumittifaq çempionatlarında (Yüksək liqa, Birinci liqa, İkinci liqa, İkinci aşağı liqa) mübarizə aparırdılar. Türkmənistan SSR çempionatının qalibləri (həmişə olmasa da) SSRİ-nin İkinci aşağı liqasına vəsiqə qazanır, sonuncu yerləri tutan komandalar isə respublikanın vilayət, rayon və ya şəhər çempionatlarına düşürdülər. Həmçinin Türkmənistan SSR-də respublika səviyyəli Türkmənistan SSR Kuboku turniri də təşkil olunmuşdur.
Format Türkmənistan çempionatı, o cümlədən Türkmənistan Yüksək Liqası "yaz-payız" sistemi ilə keçirilir. Çempionat adətən mart və ya aprel aylarında başlayır, oktyabr və ya noyabr aylarında isə başa çatır. Yalnız 1997/1998 və 1998/1999-cu illər mövsümlərində ölkə çempionatı "payız-yaz" sistemi ilə təşkil edilmiş, sentyabrda başlayıb növbəti ilin mayında yekunlaşmışdır.
Türkmənistan Yüksək Liqasında iştirakçıların sayı hər mövsümdə azlıq təşkil etmişdir. Maksimum komanda sayının qeydə alındığı dövr 1992-ci il mövsümü olmuşdur ki, həmin vaxt Yüksək Liqada 15 klub iştirak etmişdir. Sonrakı mövsümlərdə iştirakçıların sayı gah azaldılmış, gah da artırılmış, çempionatda adətən 11, 10, 9 və ya 8 komanda mübarizə aparmışdır. 2018-ci il mövsümündə Türkmənistan Yüksək Liqasında 8 klub təmsil olunmuşdur. Demək olar ki, hər mövsümdə iştirakçı komandaların sayının fərqli olması səbəbindən sonuncu yeri və ya yerləri tutan komandalar həmişə çempionatı tərk etmir, yaxud əksinə, eyni vaxtda bir neçə klub aşağı liqaya düşür. Türkmənistan Yüksək Liqasında sonuncu yerləri tutan komandalar ölkənin ikinci səviyyəli futbol liqası olan Türkmənistan Birinci Liqasına düşürlər. Birinci Liqadan aşağı pillədə isə Türkmənistanın vilayətlər (vilayət), rayonlar (etrap) və şəhərlər üzrə bölünmüş regional futbol liqaları yerləşir.
Beynəlxalq turnirlər Türkmənistanın futbol klubları AFK-nın digər üzv ölkələrinin klubları kimi, öz ölkələrini AFK tərəfindən keçirilən beynəlxalq turnirlərdə təmsil edirlər. AFK-nın milli liqalar cədvəlinə əsasən, Türkmənistan üçün AFK turnirlərində, konkret olaraq AFK Kubokunda (UEFA Avropa Liqasının Asiya analoqu) iştirak etmək üçün iki kvota ayrılmışdır. Beləliklə, Türkmənistan Yüksək Liqasının çempionu avtomatik olaraq AFK Kubokunun qrup mərhələsində yerini təmin edir. İkinci kvota Türkmənistan Kubokunun sahibinə verilir. Əgər Yüksək Liqanın qalibi və Türkmənistan Kubokunun sahibi eyni klub olarsa, ikinci kvota Yüksək Liqanın gümüş mükafatçısına keçir. İkinci kvotanın sahibi olan klub AFK Kubokunda mübarizəyə ikinci təsnifat mərhələsindən başlayır.
Türkmənistanın futbol klubları 2015-ci ildən etibarən (həmçinin 2004–2007-ci illərdə) AFK Kubokunda iştirak edirlər. 2008-ci ildən 2014-cü ilə qədər Türkmənistan klubları, 2014-cü ildə ləğv edilənədək AFK-nın nüfuzuna görə üçüncü beynəlxalq klub turniri hesab olunan AFK Prezident Kubokunda da iştirak etmişlər. AFK Prezident Kubokunun son iki mövsümündə məhz Türkmənistan klubları — 2013-cü ildə "Balkan", 2014-cü ildə isə HTTU qalib olmuşdur. Bundan əlavə, AFK Prezident Kubokunun 2008, 2009, 2010 və 2011-ci illər mövsümlərində Türkmənistan təmsilçiləri yarımfinala qədər yüksəlmişlər.
Türkmənistan klubları AFK əmsallar cədvəlindəki reytinqlərinin aşağı olması səbəbindən hələ ki, bir dəfə də olsun AFK Çempionlar Liqasında iştirak etməmişlər.
Türkmənistanın futbol klubları 1993-cü ildən 2011-ci ilə qədər (turnirin formatı dəyişdirilərək gənclər yığmaları üçün yarışa çevrilənədək), həmçinin postsovet məkanının ən güclü klublarının qatıldığı Birlik Kubokunda iştirak etmişlər. Türkmənistan klubları beş dəfə bu turnirin yarımfinal mərhələsində dayanmışlar (1994, 1997, 1998 və 2001-ci illərdə Aşqabadın "Kopetdağ" klubu, 2010-cu ildə isə HTTU).
Türkmənistanın futbol klubları müxtəlif illərdə qeyri-rəsmi beynəlxalq turnirlərdə (məsələn, Türkmənistan Prezidentinin Kuboku) iştirak etmiş və edirlər; bəzi hallarda bu turnirlərin qalibi və ya mükafatçısı olmuşlar.
İstinadlar
Xarici keçidlər На RSSSF.com На FIFA.com Турнирная таблица Чемпионата Туркменистана 2010