Batır Atayeviç Berdiyev (; ) — Türkmənistan dövlət xadimi və diplomatı. O, 2000–2001-ci illərdə Türkmənistanın xarici işlər naziri vəzifəsində çalışmışdır.

Təhsili və şəxsi həyatı Türkmənistan Dövlət Universitetini filoloq ixtisası üzrə bitirmişdir. Ali təhsilini tamamladıqdan sonra "Komsomolets Turkmenistana" qəzetinin redaksiyasında təcrübəçidən baş redaktor vəzifəsinədək yüksəlmişdir. 1990–1992-ci illərdə "Soyuz" və "Jizn" həftəlik nəşrlərinin Türkmənistan üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərmişdir. Diplomatın bacısı Cennat İqlımova, tanınmış türkmən müxalifətçisi Esenaman İqlımov ilə ailə həyatı qurmuşdur.

Siyasi fəaliyyəti 1992-ci ildə Türkmənistan Prezidenti Aparatının Beynəlxalq şöbəsində məsləhətçi kimi fəaliyyətə başlamış, qısa müddət sonra Türkmənistanın xarici işlər nazirinin müavini təyin edilmişdir.

1994-cü ildə Vyana şəhərinə Türkmənistanın Avstriya Respublikası, Slovakiya Respublikası və Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə göndərilmişdir. Eyni zamanda Türkmənistanın ATƏT yanındakı nümayəndəsi olmuşdur.

2000-ci ilin iyul ayından Türkmənistanın xarici işlər nazirinin birinci müavini vəzifəsini icra etmişdir. 2000-ci ilin iyulundan 2001-ci ilin iyulunadək Türkmənistanın xarici işlər naziri vəzifəsində çalışmışdır. O, "alkoqol asılılığı" səbəbi ilə vəzifəsindən azad edilmişdir.

Berdiyev türkmən dilini zəif bilirdi və qadınlara zəifliyi ilə tanınırdı. O, Xəzər, Aral dənizi və Əfqanıstan problemlərini başa düşə bilmirdi. Daha sonra Türkmənistan Prezidenti Saparmurat Niyazov xahişi ilə onun yerinə Rəşid Meredov təyin edilmişdir.

İttihamlar 8 dekabr 2002-ci il tarixində Saparmurat Niyazova qarşı sui-qəsd cəhdində iştirakda şübhəli bilinərək həbs edilmişdir. 2003-cü ilin yanvarında 25 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hökmə əsasən, cəzasının ilk 5 ilini Türkmənbaşı şəhərindəki həbsxanada, qalan 20 ilini isə ciddi rejimli islah-əmək düşərgəsində çəkməli, həmçinin azadlığa çıxdıqdan sonra üç il müddətinə maddi-məsul və rəhbər vəzifələri tutmaq hüququndan məhrum olunmuşdur. Türkmənistan müxalifəti Berdiyevin ya ağır xəstə, ya da öldüyünü bildirmişdilər. Onun haqqında heç bir məlumat təsdiqlənməmişdir və onun ölümü hazırda şayiə kimi qəbul edilir. Açıq Cəmiyyət İnstitutu tərəfindən dərc edilən bir nəşrdə Berdiyev həbsdə olarkən işgəncəyə məruz qaldığı iddia edilən Türkmənistanda insan haqları pozuntusunun qurbanı kimi göstərilmişdir.

Saparmurat Niyazovun vəfatından sonra onun xələfi Qurbanqulu Berdiməhəmmədov Kolumbiya Universitetinə səfəri zamanı müxalifətçilər Boris Şıxmıradov və Batır Berdiyevin sağ olub-olmaması barədə sualı cavablandıran zaman sabiq xarici işlər nazirlərinin sağ olduğuna əminliyini ifadə etmişdir.

İstinadlar

Xarici keçidlər Биография на сайте ЦентрАзия Kateqoriya:Türkmənistan nazirləri