Fatma Hikmət İşmən (; ) — fitopatologiya sahəsi üzrə ixtisaslaşmış Yunanıstan doğumlu türkiyəli kənd təsərrüfatı mühəndisi, 1966–1975-ci illərdə Türkiyə Sosialist Fəhlə Partiyasından senator kimi fəaliyyət göstərmiş siyasətçi.

Erkən həyatı Fatma Hikmət 1918-ci ildə Yunanıstanın Yanina şəhərində alban müsəlman azlığına mənsub olan bir ailədə dünyaya gəlib. Atasının, Hüseyn Paşanın alban hökmdarı Əli Paşanın (1740–1822) nəslindən olduğu iddia edilir.

Türkiyə–Yunanıstan müharibəsindən sonra, ailə 1923-cü il Lozanna Konvensiyası ilə razılaşdırılmış Yunanıstan və Türkiyə arasındakı əhali mübadiləsi çərçivəsində Türkiyəyə mühacirət edib. Onlar İstanbulun Beşiktaş səmtində məskunlaşıblar. Atasının ordu zabiti olması səbəbi ilə ailə sonradan Tokat və Adapazarına köçüb.

Fatma Hikmət, ibtidai və orta təhsilini İstanbulda tamamlayıb. O, Arnavutköydə Robert Kollecində oxuduqdan sonra, İstanbul Qız Liseyinə keçib və 1933-cü ildə oradan məzun olub. Sonra, Ankara Universitetinin Kənd Təsərrüfatı fakültəsində kənd təsərrüfatı mühəndisliyi ixtisası üzrə təhsil alaraq 1937-ci ildə oranı bitirib. İngiltərədə kurslarda iştirak edib və Kanadada doktorluq dərəcəsi alıb. O, bitki xəstəlikləri üzrə mütəxəssis olub.

1934-cü ildə qəbul edilmiş Soyad Qanunundan sonra o və böyük bacısı Fikrət "İşmən" soyadını götürüblər.

Elmi fəaliyyəti Kənd Təsərrüfatı Nazirliyində çalışmış İşmən, Ankara, İzmir və 1945-ci ildən etibarən isə İstanbuldakı Zərərvericilərlə Mübarizə İnstitutunda fəaliyyət göstərib. O, 1940-1966-cı illərdə assistent, baş assistent və mütəxəssis kimi tədqiqat işləri aparıb.

Siyasi fəaliyyəti Solçu hərəkatın yaraqlısı olan Adnan Cəmgilin təşviqi ilə İşmən, 1964-cü ildə Türkiyə Fəhlə Partiyasına (TİP) daxil olub. 5 iyun 1966-cı ildə o, 1965-ci il ümumi seçkilərində qazanılmış 15 yerlə Türkiyə Böyük Millət Məclisində təmsil olunan TİP-in yeganə senatoru kimi Kocaeli seçki dairəsindən Respublika Senatına daxil olub.

Senatdakı ilk çıxışında o, Diyanət İşləri Baş İdarəsini sünni İslam tərəfindən ələvilərin sıxışdırılması və ayrı-seçkiliyini qızışdırmaqda ittiham edərək, Ədalət Partiyasının çoxluq təşkil etdiyi senatda uzunmüddətli mübahisəyə səbəb oldu. Onun parlamentdəki fəaliyyəti əsasən təhsil, kənd təsərrüfatı və heyvandarlıq istiqamətinə yönəlmişdi.

1971-ci il Türkiyə hərbi memorandumundan sonra, Türkiyə Fəhlə Partiyası qadağan edildi. O, qanunverici orqanda sosialistlərin yeganə nümayəndəsi olaraq tək qaldı. Doqquz il senatda fəaliyyət göstərdikdən sonra, 12 oktyabr 1975-ci ildə yorğunluğunu əsas gətirərək istefa verdi.

1976-cı ildə Senatdakı fəaliyyət dövrü haqqında "Parlamentdə 9 il: TİP senatoru olaraq 1966–1975-ci illər dövrü parlament fəaliyyətləri" adlı avtobioqrafiyasını nəşr etdirib.

1991-ci ildə Sosialist Birlik Partiyasının həmtəsisçisi olmuş Fatma Hikmət İşmən, 1994-cü ildə isə Azadlıq və Həmrəylik Partiyasının təsisçiləri arasında yer alıb. Həmçinin bu siyasi partiyaların idarə heyətlərində də fəaliyyət göstərib.

Sonrakı illəri və ölümü Fatma Hikmət "Tarix Vəfqi"nin həmtəsisçisi və qəyyumlar şurasının üzvü olub. 1992-ci ildə fond onun şərəfinə "Fatma Hikmət İşmən Marksist Araşdırmalara Dəstək mükafatı" təsis edib.

Fatma Hikmət İşmən 9 may 2006-cı ildə İstanbulda vəfat edib. İki gün sonra Şişli məscidində keçirilən dini mərasimin ardından Zəncirliquyu qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimi iştirakçıları solçuların himni olan "Beynəlmiləl"i oxuyublar. Ondan geriyə bacısı Fikrət İşmən Kayğı qalıb. Evliliyə qarşı olan baxışlarına görə o, heç vaxt ailə həyatı qurmayıb.

İstinadlar