Rumıniyada 1941-ci il qiyamı, legionerlər qiyamı, "Dəmir qvardiya" qiyamı; ) — 21–23 yanvar 1941-ci ildə Rumıniyada "Dəmir Qvardiya" təşkilatının ölkə rəhbəri (konduketor) Yon Antoneskuya qarşı təşkil etdiyi silahlı qiyam (həmçinin putç olaraq da qiymətləndirilir). Qiyam dövründə kütləvi yəhudi talanları (poqromları) da baş vermişdir.
Zəmin və səbəblər
Putçun əsas səbəbi Rumıniyanın faktiki rəhbəri Yon Antonesku ilə "Dəmir Qvardiya"nın lideri Horiya Sima arasındakı ciddi ziddiyyətlər olmuşdur. 1940-cı ilin sentyabrında Antonesku "Dəmir Qvardiya"nın dəstəyi ilə dövlət çevrilişi həyata keçirmiş, köhnə kral II Karolu hakimiyyətdən uzaqlaşdıraraq onun yerinə sırf nominal fiqura çevrilən oğlu I Mixayı taxta oturtmuşdur. Bu hadisədən dərhal sonra hər iki siyasi qüvvə arasında dərin ixtilaflar baş qaldırmışdır.
Hakimiyyət şərikinə çevrilən "Dəmir Qvardiya" ölkədə genişmiqyaslı terror siyasəti yürütməyə başlamışdır. Ziyalıların kütləvi şəkildə həbsi həyata keçirilmiş, köhnə rejimin dövründə həbsxanaya atılmış müxaliflərə elə kameralarındaca qanunsuz divan tutulurdu. Təşkilat Rumıniyanın iqtisadi və sosial inkişafına demək olar ki, heç bir diqqət ayırmırdı ki, bu da ölkədə qiymətlərin 2-3 dəfə bahalaşmasına gətirib çıxarmışdır. Yaranmış acınacaqlı vəziyyətdə Yon Antonesku özünə rəqib və idarəedilməz gördüyü "Dəmir Qvardiya"dan birdəfəlik xilas olmaq qərarına gəlmişdir.
Üçüncü Reyxin "Dəmir Qvardiya"nı dəstəkləyəcəyinə ümid edən təşkilat tərəfdarları Antoneskuya qarşı silahlı üsyana qalxmaq qərarını vermişdilər. Həmin dövrdə Rumıniyada neft yataqlarını hifz etmək bəhanəsi ilə yerləşdirilmiş çox sayda alman qoşunları mövcud idi. Lakin putçun gedişatında Almaniya rəsmi səviyyədə daha mötədil və sabit tərəfdaş hesab etdiyi Antoneskunun mövqeyini dəstəkləmişdir.
Hadisələrin gedişatı
19 yanvar tarixində ölkə miqyasında "Dəmir Qvardiya" tərəfindən təşkil edilən yəhudi talanları baş qaldırmışdır. Yəhudilərə qarşı iki gün davam edən qətliamlardan sonra, 21 yanvar tarixində legionerlər Antonesku ilə olan siyasi ittifaqı tamamilə pozduqlarını elan etmişdirlər. Buxarestdəki yəhudi talanları üsyandan bir neçə saat əvvəl başlamışdı. Bu hadisələr qısa müddətdə kütləvi iğtişaşlara və polislə küçə döyüşlərinə çevrilmişdir. Ən qanlı qarşıdurmalar isə qiyamçıların Daxili İşlər Nazirliyinin binasını və bir neçə polis məntəqəsini müvəqqəti olaraq ələ keçirməyə nail olduqları paytaxt Buxarest şəhərində cərəyan edirdi.
Legionerlərlə döyüşlərə Rumıniya ordusunun nizami hissələri cəlb olunmuş və onlar regiondakı alman qoşunlarının mənəvi dəstəyi ilə 23 yanvar tarixinə qədər qiyamı nisbətən asanlıqla yatırmağa nail olmuşdular. Bu hadisələrdən dərhal sonra Antonesku tərkibində "Dəmir Qvardiya" tərəfdarlarının yer aldığı koalisiya hökumətini buraxmışdır. Təşkilatın özü konduketorun rəsmi fərmanı ilə qadağan edilmiş, rəhbərləri isə həbs olunmuşdur. Legionerlərin bir qismi xaricə qaçmış, 9 mindən çox üzvü isə zindanlara atılmışdır. Horiya Sima və onun 300-ə yaxın sadiq tərəfdarı Antoneskunun gizli razılığı ilə Almaniyaya sığınmağa müvəffəq olmuşdular.
Nəticədə, Antonesku Rumıniyanın mütləq rəhbəri (konduketor) statusunda tamamilə özünə tabe olan hökumət və parlament formalaşdırmışdır. Gənc kral I Mixay isə faktiki olaraq bir oyuncaq fiqura çevrilmişdi. 1944-cü ilin avqustunda Antoneskunun devrilməsi ilə nəticələnən hərbi çevrilişdən sonra, Almaniya köhnə legionerlərdən ibarət olan və Simanın rəhbərlik etdiyi mühacirətdəki kukla Rumıniya hökumətini təsis etmişdir.
Qurbanlar
13 fevral 1941-ci il tarixli rəsmi hesabata əsasən, qarşıdurmalar zamanı qeydə alınan insan itkiləri aşağıdakı kimi olmuşdur: Əsgərlər — 21 ölü, 53 yaralı; Mülki şəxslər — 374 ölü (o cümlədən Buxarestdə 118 yəhudi), 291 yaralı.
Maddi zərər
Qiyam yatırıldıqdan sonra legionerlərin qarət etdikləri qiymətli əşyalarla doldurduğu 200 yük maşını aşkar edilmişdir.
Siyasi nəticələri
27 yanvar 1941-ci ildə bütün rəhbər vəzifələri Antoneskunun kadrlarının tutduğu yeni hökumət formalaşdırılmışdır. Bu kabinetin tərkibi əsasən ordu zabitlərindən, 1938-ci ilə qədər fəaliyyət göstərmiş siyasi partiyaların nümayəndələrindən və II Karolun dövründə müvəffəqiyyətli karyera yaratmış bəzi dövlət məmurlarından ibarət idi. 14 fevral 1941-ci il tarixli 314 nömrəli fərmanla "Milli Legioner Dövləti" rəsmən ləğv edilmiş və Rumıniya hərbi diktaturaya çevrilmişdir.
Qiyamçıların cəzalandırılması
25 fevral 1941-ci ilə qədər 5 714 legioner həbs edilmiş və hərbi tribunalın mühakiməsinə verilmişdir. Jilava həbsxanasında törədilən qətllərdə iştirak etmiş 7 nəfər ölüm hökmünə məhkum edilmiş və edam olunmuşdur. Digər təqsirli bilinən legionerlər isə bir neçə aydan ömürlük azadlıqdan məhrumetməyə qədər müxtəlif müddətlərə həbs cəzaları almışdılar. "Dəmir Qvardiya"nın 300-ə yaxın lideri isə (Antoneskunun razılığı ilə) Almaniyaya göndərilmiş və müharibənin sonuna qədər orada saxlanılmışdırlar.
İstinadlar
Həmçinin bax
Dəmir Qvardiya Yon Antonesku Horiya Sima
Kateqoriya:Rumıniya tarixi Kateqoriya:İkinci dünya müharibəsində Rumıniya Kateqoriya:Hərbi üsyanlar