Stevan Molyeviç (; ) — Yuqoslaviya və serb siyasətçisi, hüquqşünas, publisist, İkinci Dünya müharibəsi dövründə Yuqoslaviyanın Mərkəzi Milli Komitəsinin (CNK) üzvü olmuşdur. O, həmçinin Yuqoslaviya–Fransa Klubunun, Yuqoslaviya–Britaniya Klubunun və Yuqoslaviya Rotary International Klubunun prezidenti idi. Molyeviç 1941-ci ildə yazdığı Homogen Serbiya memorandumunda Böyük Serbiya ideyasını və qeyri-serb əhalinin həmin ərazilərdən zorla çıxarılmasını müdafiə etmişdir.
Müharibədən sonra o, hərbi cinayətlər və dövlətə xəyanət ittihamı ilə 20 il həbs cəzasına məhkum edilmişdir. 1959-cu ildə həbsxanada vəfat etmişdir.
Erkən həyatı Stevan Molyeviç 6 yanvar 1888-ci ildə Avstriya-Macarıstan imperiyasının Rudo şəhərində Jovan və Miryana (Miriam) Molyeviçin ailəsində anadan olmuşdur. O, ilk təhsilini doğma şəhərində almış, daha sonra bütün Cənubi slavyanların vahid dövlətdə birləşməsini hədəfləyən Gənc Bosniya inqilabi təşkilatına qoşulmuşdur.
1910-cu ildə təşkilat üzvlərindən birinin Bosniya valisi Mariyan Vareşaninə qarşı sui-qəsd cəhdindən sonra Molyeviç Avstriya-Macarıstan hakimiyyəti tərəfindən həbs edilmişdir. 1915-ci ildə isə dövlətə xəyanət ittihamı ilə yenidən həbs olunmuş və on il ağır əmək cəzasına məhkum edilmişdir. O, 1918-ci ildə Avstriya-Macarıstanın süqutundan sonra azadlığa buraxılmışdır. Sonralar Fransanın Fəxri Legion ordeni və Serbiyanın Müqəddəs Sava ordeni ilə təltif edilmişdir.
Molyeviç Zaqreb Universitetində hüquq təhsili almış, daha sonra Banya Luka şəhərinə köçərək vəkil kimi fəaliyyət göstərmişdir. O, həmçinin yerli Serb Mədəniyyət Klubunun rəhbəri olmuşdur. Evli idi və iki övladı var idi.
İkinci Dünya müharibəsi Molyeviç 10 aprel 1941-ci ildə, Müstəqil Xorvatiya Dövlətinin yaradıldığı gün Banya Lukanı tərk edərək Monteneqroya qaçmışdır. Həmin ilin 30 iyununda o, “Homogen Serbiya” adlı memorandum hazırlamışdır. Bu layihədə Mərkəzi Serbiya, Voyvodina, Kosovo, Makedoniya, Monteneqro, Bosniya, Hersoqovina, Dalmasiya, Slavoniya, şimali Albaniya, həmçinin Rumıniya krallığı, Bolqarıstan krallığı və Macarıstan Krallığının bəzi hissələrini əhatə edən genişləndirilmiş serb dövləti nəzərdə tutulurdu.
Molyeviç hesab edirdi ki, serblər Birinci Dünya müharibəsində etdikləri səhvi təkrarlamamalı və müharibənin sonunda iddia etdikləri bütün ərazilərə nəzarəti ələ keçirməlidirlər. O, serb nəzarətində olan ərazilərdən qeyri-serb əhalinin çıxarılmasını və genişmiqyaslı əhali köçürmələrini təklif etmişdir. Onun planları sonradan Çetniklər tərəfindən hazırlanmış proqramlarla oxşarlıq təşkil edirdi.
1941-ci ilin avqustunda Draja Mixayloviç Molyeviçi Çetniklərin Yuqoslaviyanın Mərkəzi Milli Komitəsinə daxil etmişdir. O, Draqişa Vasiç və Mladen Juyoviç ilə birlikdə Mihailoviçin əsas siyasi müşavirlərindən biri olmuşdur.
1941-ci ilin dekabrında Molyeviç Vasiçə məktub yazaraq Yuqoslaviyanın bütün qeyri-serb ünsürlərdən “təmizlənməsi” planını izah etmişdir. O bildirirdi ki, serblər Yuqoslaviyanın bütün strateji nöqtələrini nəzarətə götürməlidirlər. 1942-ci ildə o, Dalmasiya və Adriatik dənizi sahillərinə qədər uzanan Böyük Serbiya ideyasını müdafiə etmiş və bunun üçün xorvatların Xorvatiyaya, müsəlmanların isə Albaniyaya və ya Türkiyəyə deportasiya edilməsini təklif etmişdir.:"Moljevic je dosao u Mihailovicev stab u svibnju 1942, iz Crne Gore, gdje se sklonio nakon kapitulacije."
1943-cü ildə Molyeviç Mərkəzi Milli Komitədə əsas fiqurlardan birinə çevrilmişdir. 1944-cü ilin yanvarında keçirilən Ba Konqresində iştirak etmiş və Çetniklərin vəziyyəti haqqında hesabat təqdim etmişdir. Belqradın kommunist qüvvələri tərəfindən tutulmasından sonra Bosniyanın qərbinə gedərək yerli əhalini Çetniklərə dəstək verməyə çağırmışdır.
Həbsi və vəfatı Molyeviç 23 sentyabr 1945-ci ildə Yuqoslav partizanları tərəfindən həbs edilmişdir. O, 1946-cı ildə Mihailoviç məhkəməsi zamanı digər Çetnik rəhbərləri ilə birlikdə mühakimə olunmuşdur. Məhkəmə onu Nasist Almaniyası və Faşist İtaliya ilə əməkdaşlıqda təqsirli bilmiş və 20 il həbs cəzasına məhkum etmişdir. Bütün siyasi hüquqları əlindən alınmış, əmlakı müsadirə olunmuşdur.
Molyeviç Sremska Mitrovitsa həbsxanasına göndərilmişdir. 1956-cı ildən etibarən sağlamlığı pisləşmiş, 1957-ci ildə ona yoğun bağırsaq xərçəngi diaqnozu qoyulmuşdur. Belqradda keçirilən uğursuz əməliyyatdan sonra yenidən həbsxanaya qaytarılmış və 15 noyabr 1959-cu ildə orada vəfat etmişdir. O, Belqraddakı Novo groblje qəbiristanlığında dəfn edilmişdir.
Biblioqrafiya 2019-cu ildə bir qrup tarixçi Molyeviçin həbsxanada gizli şəkildə yazdığı qeydlər əsasında Ravna Gora u svetlu i magli (“İşıq və duman içində Ravna Qora”) adlı kitab nəşr etdirmişdir. Əlyazmalar həbsxanada tualet kağızı üzərində yazılmış və uzun müddət gizli saxlanılmışdır.
İstinadlar
Mənbə
Xarici keçidlər Evidence from the ICTY trial Case No. IT-94-1-T that details Stevan Moljevic's Greater Serbia plan GREATER SERBIA from Ideology to Aggression - Stevan Moljevic Homogeneous Serbia (1941)