Hacı Məhəmməd Ağa məscidi — Ağdaş şəhərinin Muxtar Əfəndizadə küçəsi, 7 ünvanında yerləşən məscid.
Tarix Ağdaş şəhəri, Hacı Məhəmməd ağa məscidinin inşasına memar Mir Məhəmməd Mir Nadi oğlunun rəhbərliyi altında 1892-ci ildə başlanmış və 1893-cü il iyul ayının 27-də tamamlanmışdır. Adı çəkilən memar Ağdaşın Dəhnəxəlil kəndində doğulmuşdur. O, Hacı Məhəmməd ağa məscidinin inşasından əvvəl öz kəndinin məscidini (1884) və Şeyx Xəlil əfəndinin türbəsini (1888) inşa etmişdir. Odur ki, Hacı Məhəmməd ağanın tikdirmiş olduğu məscidin memarlıq üslubu ilə memarın əvvəl tikdiyi məscid və türbənin memarlıq üslubu üst-üstə düşür. Hər 3 abidə günümüzə qədər qorunmuşdur.
Memarlıq xüsusiyyətləri Memar Mir Məhəmməd Mir Nadi oğlu Hacı Məhəmməd ağa məscidinin inşasını Böyük Ləki arxının (hal-hazırda o arx yoxdur) sağ cinahında müxtəlif en ölçülərində (arxa və yan divarların eni 0,7, ön divarın isə eni təxminən 2 metrdir) və müxtəlif (künclər iti bucaq, düzbucaq və oval şəklində bağlanmışdır) bucaqlar altında üçkünc bağlantısı ilə tikmişdir. Məscidin divarının hündürlüyü təqribən 5 metr, məscidin ümumi sahəsi isə təxminən 170 m2-dir. Məscidin dam örtüyü iki sütun üzərində dayanaraq üçlü örtük quruluşuna əsasən örtülmüşdür. Minarəsi dam örtüyünə bağlı şəkildə təxminən divarın üst səthindən 6 metr yüksəklikdədir. Eyni zamanda məscidin ikinci mərtəbəsində 22 m2 sahə qadınlar üçün ayrılmışdır. Minarəyə və qadınlar bölməsinə çıxmaq üçün qalınlığı 2 metrdən çox olan ön divarın içi ilə yiv (spiralvari) pilləkən hörülmüşdür. İbadət zalının ön barı hissəsində (sağ hissədə) 3 metr olan oval şəkilli pilləvari səs əksetdirici oyuq inşa edilmişdir. Məscidin tavanı düz örtüklüdür. Məscidin dörd qapısından üçü günümüzə qədər gəlmişdir (birinci qapı qadınların daxil olması, ikincisi kişilərin daxil olması üçün, digəri isə (hazırda fəaliyyət göstərmir) məscidin həyətinə açılırmış). İki qapının üzərindəki kitabələr məscidin tarixindən xəbər verir. Məscid şərq və cənub tərəfdən 13 pəncərə, şimal tərəfdən isə 1 pəncərə ilə işıqlandırılmışdır. İbadət zalının mərkəzində yerləşən 2 sütun bütöv dam örtüyünün yükünü daşıyır. Bundan başqa məsciddə imam-xətib üçün hücrə (otaq) nəzərdə tutulmuşdur. Sovetlər dövründə məscid yararsız hala düşmüşdür. Acınacaqlı vəziyyətdə olan məscid dağılmaq təhlükəsi qarşısında qalmışdır. 2006-2008-ci illər məscidin klassik memarlıq üslubu qorunmaq şərti ilə əsaslı təmiri həyata keçirilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:Ağdaş məscidləri Kateqoriya:Ağdaş abidələri Kateqoriya:XIX əsr məscidləri __FORCETOC__