"Eclipse" – Avstraliya müğənnisi və mahnı müəllifi Delta Qudremin ifa etdiyi mahnı. Kompakt-disk 1 mart 2026-cı il tarixində "Atled" və "Better Now Records" leybl şirkətləri tərəfindən buraxılmışdır. Delta Qudrem "Eclipse" mahnısı ilə 2026-cı ildə Avroviziya Mahnı Müsabiqəsində Avstraliyanı təmsil etmişdir. Mahnı müsabiqədə 287 xal toplayaraq dördüncü yeri tutmuşdur. Bu kompozisiyanın Qudremin 2026-cı ildə işıq üzü görəcək "Pure" adlı səkkizinci studiya albomuna daxil ediləcəyi planlaşdırılır.

"Eclipse" "ARIA Singles Chart" hit-paradında 99-cu, "ARIA Top 20 Australian Artist Singles Chart" cədvəlində 2-ci pilləyə yüksəlmiş və "AIR Independent Singles Chart" siyahısına başçılıq etmişdir. Kompozisiya, həmçinin həm "UK Singles Sales Chart", həm da "Singles Downloads Chart" hit-paradlarında ilk onluqda qərarlaşmışdır.

Zəmin "Eclipse" mahnısının müəllifi və prodüseri Maykl Fatkindir. Delta Qudrem və Conas Mirin də layihənin ərsəyə gəlməsində müəllif kimi iştirak etmişlər. "Hope 103.2" radiosuna verdiyi müsahibədə Mirin mahnının ideyasının Avstraliyaya, Qudrem ilə birgə çalışmaq üçün uçarkən təyyarədə yarandığını bildirmişdir. O, əsərin əsas konsepsiyasının həyatın nadir, sanki fövqəltəbii, səmavi parıltını xatırladan anlarından ilhamlandığını qeyd etmiş, tutulma hadisəsini isə birlik və uyğunlaşma rəmzi kimi xarakterizə etmişdir.

2026 Avroviziya Mahnı Müsabiqəsi Daxili seçim 2025-ci il sentyabrın 3-də keçirilən "upfront" təqdimatında SBS yayım şirkəti 2026 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək niyyətini bəyan etmişdir. 2026-cı il martın 1-də Avstraliyanı təmsil etmək üçün Qudremin seçildiyi rəsmən açıqlanmışdır. Mətbuata verdiyi bəyanatda Qudrem bu seçimi özü üçün bir bayram adlandırmış, yaradıcılığına təsir göstərmiş şəxslər qismində Avroviziyanın keçmiş iştirakçıları Selin Dion və Oliviya Nyuton-Conun adlarını çəkmişdir.

Avroviziya Avroviziya Mahnı Müsabiqəsi Vyanada təşkil olunmuşdur. Müsabiqə 12 və 14 may tarixlərində keçirilən iki yarımfinaldan ibarət olmuş, final mərhələsi isə 16 may 2026-cı il tarixində baş tutmuşdur. 12 yanvar 2026-cı il tarixində keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, Avstraliya ikinci yarımfinalın ikinci hissəsində çıxış etmək hüququ qazanmışdır. Qudrem səhnədə Soren Torpeqord Lunddan sonra və "Leléka" qrupundan əvvəl 11-ci nömrə altında çıxış edərək 222 xalla 3-cü yeri tutmuşdur. Final mərhələsinə vəsiqə qazandıqdan sonra o, "Leléka" qrupundan sonra və "Lavina"dan əvvəl 8-ci nömrə altında çıxış etmişdir. Qudrem finalda 287 xal toplayaraq müsabiqəni 4-cü sırada tamamlamışdır.

Qudremin yarımfinaldakı çıxışının səhnə tərtibatı və prodüserliyi Den Şipton və Ros Nikolson tərəfindən həyata keçirilmişdir.

İstinadlar