"Pray" – Polşa müğənnisi və mahnı müəllifi Alisiya Şemplinskayanın ifa etdiyi mahnı. Kompozisiyanın həmmüəllifləri Sinkler Alan Malkolm və Veronika Qabrielçikdir. Müğənninin şəxsi inkişaf və bədii müstəqillik yolundakı bir düşüncə kimi xarakterizə etdiyi bu əsər 5 fevral 2026-cı il tarixində Böyük Britaniyanın "Tenace Records" müstəqil leybl şirkəti tərəfindən buraxılmışdır. Mahnı 2026-cı ildə Avroviziya Mahnı Müsabiqəsində Polşanı təmsil etmiş və final mərhələsində 12-ci yeri tutmuşdur.

Yaradılması "Pray" mahnısının müəllifləri Alitsiya Şemplinska, Sinkler Alan Malkolm və Veronika Qabrielçikdir. Adına baxmayaraq, kompozisiya kəskin dini məna daşımır. buradakı dua ideyası şəxsi çətinliklərin öhdəsindən gəlmək, daxili güc, azadlıq və müstəqillik tapmaq üçün bir metafora kimi istifadə olunmuşdur. Alitsiya mahnının onun musiqi sahəsindəki təcrübələrini və kommersiya gözləntilərindən asılı olmayaraq öz bədii kimliyinə sadiq qalmaq arzusunu əks etdirdiyini bildirmiş, onu "şəxsi" bir əsər kimi xarakterizə etmişdir. Yaradıcılıq nümunəsi qospel, hip-hop, R&B və soul elementlərini özündə birləşdirir. İfaçı da bunları "bir sənətçi kimi formalaşmasına təsir edən bütün amillər" olaraq adlandırmışdır. Kompozisiya ilkin olaraq daha yavaş tempdə, qospeldən ilhamlanan bir ballada kimi nəzərdə tutulmuşdur, lakin istehsal prosesində daha dinamik bir struktura çevrilmişdir.

Videoçarx Mahnının premerası ilə eyni vaxtda ona çəkilmiş videoçarx da təqdim olunmuşdur. Klipin rejissorluğu Martina Biçkovskaya tərəfindən həyata keçirilmişdir. Videoçarx Alisiyanın doğulduğu Çexanuv şəhərində lentə alınmış və müğənni üçün şəxsi əhəmiyyət kəsb edən məkanlara, o cümlədən yerli prixod kilsəsinə və Ziqmunt Krasinski adına 1 nömrəli ümumtəhsil liseyinə fokuslanmışdır. Klipdə Alitsiyanın gəncliyini canlandıran bir məktəbli qız, həmçinin yerli sakinlər, onun qohumları və dostu yer almışdır. Videoçarxda Polşanın daxili auditoriyasına tanış olan mədəni elementlər, o cümlədən iri panelli binalar, Polşa Xalq Respublikası dövrünə aid məktəb idman zalı və dini simvollarla bəzədilmiş köhnə üslublu mənzil əks olunmuşdur.

Mahnının növbəti təbliği çərçivəsində Alisiya bir neçə "Avroviziya" öncəsi tədbirdə, o cümlədən 11 aprel tarixində keçiriləcək "Eurovision in Concert 2026" və 19 april tarixində baş tutacaq "London Eurovision Party 2026" konsertlərində iştirak etmək niyyətində olduğunu təsdiqləmişdir.

Avroviziya Mahnı Müsabiqəsi Daxili seçim "Finał krajowych kwalifikacji" TVP yayım şirkətinin 2026 Avroviziya Mahnı Müsabiqəsi üçün Polşanın təmsilçisini müəyyən etdiyi milli seçim turudur. Müsabiqə 7 mart 2026-cı il tarixində yayımlanan final mərhələsindən ibarət olmuş, qalib isə yalnız xalq səsverməsi yolu ilə seçilmişdir. Alisiya finalda ümumilikdə 26 092 səs toplayaraq qalib gəlmişdir. Bu səslərin 20 350-si "TVP VOD" tətbiqi vasitəsilə, 5 742-si isə SMS-lə göndərilmişdir.

Avroviziyada 2026-cı ildə Avroviziya Mahnı Müsabiqəsi Vyanada təşkil olunmuşdur. Müsabiqə 12 və 14 may tarixlərində keçirilən iki yarımfinal mərhələsindən ibarət olmuş, final isə 16 may tarixində baş tutmuşdur. 12 yanvar 2026-cı il tarixində keçirilən püşkatma mərasiminə əsasən, Polşa birinci yarımfinalın ikinci hissəsində çıxış etmək hüququ qazanmışdır.

İstinadlar

Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi mahnıları Kateqoriya:2026-cı ilin sinqlları Kateqoriya:İngilis dilində mahnılar