"Maman" — Fransa müğənnisi Luanın ifa etdiyi mahnı. Kompozisiya Luan tərəfindən, həmçinin mahnının prodüserliyini də üstlənən Tristan Salvati ilə birlikdə yazılmışdır. Bu ballada 15 mart 2025-ci il tarixində işıq üzü görmüş və Fransanı 2025-ci il Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Yaradılması "Maman" mahnısı Luanın 2014-cü ildə, ifaçının 17 yaşı olarkən xərçəng xəstəliyindən vəfat edən anasına həsr olunmuşdur.

Müğənni 2015-ci ildə işıq üzü görən "Chambre 12" adlı debüt albomuna eyni adlı başqa bir mahnı daxil etmişdir. Lakin 2025-ci ildə təqdim olunan yeni kompozisiyanın xeyrinə ilkin variant rəqəmsal platformalardan kənarlaşdırılmışdır. Luan bu addımı növbəti bir addım və davamlılıq kimi qiymətləndirmişdir. O, hər iki mahnı arasında bəzi ortaq sözlərin olduğunu, lakin onların tamamilə fərqli kompozisiyalar təşkil etdiyini bildirmişdir. İfaçı artıq özünü emosional baxımdan daha yaxşı hiss etdiyini və yeni mahnının məhz bu səbəbdən yarandığını vurğulamışdır. O, keçmişə qapanmaqdansa, məhz bu yeni versiyanın yaddaşlarda qalmasını arzuladığını ifadə etmişdir.

"Maman" mahnısı vinil val formasında da buraxılmışdır. Kompozisiyanın orijinal və ingilisdilli versiyaları Luanın 2025-ci ildə işıq üzü görən "Tiens mon best of" adlı ən yaxşı mahnılarından ibarət yığma albomuna daxil edilmişdir. Mahnının akustik versiyası isə 18 apre 2025-ci il tarixində dinləyicilərə təqdim olunmuşdur.

2025-ci il Avroviziya Mahnı Müsabiqəsi

Daxili seçim

Fransanın "France Télévisions" milli yayımçısı "France 2" kanalı vasitəsilə 2025-ci il Avroviziya Mahnı Müsabiqəsində iştirakını 30 avqust 2024-cü il tarixində rəsmən təsdiqləmişdir. 30 yanvar 2025-ci il tarixində Luanın ölkəni təmsil edəcəyi rəsmi şəkildə elan olunmuşdur. İfaçı 15 mart 2025-ci il tarixində "Maman" adlı müsabiqə mahnısını təqdim etmiş və onu Altı Millət Kuboku çərçivəsində "Stad de Frans" stadionunda keçirilən Fransa–Şotlandiya matçının fasiləsində canlı ifa etmişdir.

Avroviziya müsabiqəsində 2025 Avroviziya Mahnı Müsabiqəsi İsveçrənin Bazel şəhərində yerləşən "St. Jakobshalle" arenasında təşkil olunmuşdur. Müsabiqə 13 may və 15 may 2025-ci il tarixlərində keçirilən iki yarımfinaldan və 17 may 2025-ci il tarixində baş tutan final mərhələsindən ibarət olmuşdur. Fransa müsabiqənin "Böyük Beşlik" ölkələrinin sırasına daxil olduğu üçün "Maman" mahnısı birbaşa final mərhələsinə vəsiqə qazanmışdır. Yarışmanın final səsverməsinin nəticələrinə əsasən, kompozisiya 7-ci yerdə qərarlaşmışdır.

İstinadlar

Kateqoriya:2025 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:2025-ci ilin mahnıları Kateqoriya:2025-ci ilin sinqlları