"Dors, mon amour" — musiqisi Yuber Jiro, fransızca mətni isə Pyer Delanoe tərəfindən yazılmış, Fransa müğənnisi Andre Klavo tərəfindən lentə alınmış sevgi mahnısı. Kompozisiya Hilversum şəhərində keçirilən 1958-ci il Avroviziya Mahnı Müsabiqəsində Fransanı təmsil etmiş və ölkəyə bu müsabiqədəki ilk qələbəsini qazandırmışdır.

Romantik bir "laylay" kimi xarakterizə olunan bu mahnının bir neçə kaver versiyası yaranmış, orijinal ifa isə Belçikanın musiqi hit-paradlarına daxil olmuş və kommersiya baxımından uğurlu digər bir albomda yer almışdır.

Tarixi Kompozisiya "Dors, mon amour" mahnısı Pyer Delanoenin fransızca sözlərinə Yuber Jiro tərəfindən bəstələnmişdir. Bu, ifaçının öz sevgilisinə müraciət edərək ondan uyumasını xahiş etdiyi, eyni zamanda onların sevgisi və gecənin sehri haqqında düşündüyü bir sevgi mahnısıdır. Kompozisiya "klassik laylay" kimi yüksək qiymətləndirilmiş və sonrakı illərdə müsabiqədə iştirak edən digər mahnılarla müqayisə olunaraq, "sonradan Avroviziyanın vizit kartına çevrilən bayağılıq və təmtəraqdan uzaq bir nümunə" kimi səciyyələndirilmişdir.

Avroviziya Fransa Radioverilişləri (RTF) 3-cü Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil etmək üçün Andre Klavonu seçmişdir. 7 fevral 1958-ci il tarixində "Dors, mon amour" mahnısı Avroviziyada ifa olunacaq kompozisiyanın müəyyənləşdirilməsi məqsədilə RTF tərəfindən təşkil edilən "Et voici quelques airs" adlı milli seçim turlarının televiziya şousunda iştirak etmişdir. Yarışmada digər dörd mahnını geridə qoyan "Dors, mon amour" Fransanın müsabiqə təmsilçisi hüququnu qazanmışdır.

12 mart 1958-ci il tarixində Hilversum şəhərindəki AVRO studiyasında Niderland Televiziya Fondu (NTS) tərəfindən təşkil olunan və bütün qitədə canlı yayımlanan Avroviziya Mahnı Müsabiqəsi baş tutmuşdur. Andre Klavo on iştirakçı arasında Korri Brokkenin ifasındakı Niderlandın "Heel de wereld" mahnısından sonra və Solanj Berrinin ifasındakı Lüksemburqun "Un grand amour" kompozisiyasından əvvəl, üçüncü nömrə altında çıxış etmişdir. Fransanın təqdimatı zamanı canlı orkestrə Frank Pursel dirijorluq etmişdir.

Səsvermənin yekununda mahnı 27 xal toplayaraq, İsveçrəni üç xal qabaqlamış və birinci yeri tutmuşdur. Bu, müsabiqə tarixində kişi solist tərəfindən ifa olunan ilk qalib mahnı və Fransanın ilk qələbəsi kimi tarixə düşmüşdür. 1959-cu il müsabiqəsində Fransanı Jan Filippin ifasında "Oui, oui, oui, oui" mahnısı təmsil etmiş, müsabiqənin qalibi isə Niderlandı təmsil edən Teddi Sxoltenin ifasındakı "Een beetje" kompozisiyası olmuşdur.

İstinadlar

Kateqoriya:1958-ci ilin mahnıları Kateqoriya:1961-ci ilin mahnıları Kateqoriya:Fransız dilində mahnılar