10 avqust 1792-ci il üsyanı — Fransa inqilabının ən mühüm hadisələrindən biri. 10 avqust hadisəsi () üsyankar Paris Kommunasının Milli Qvardiyası, habelə Marsel və Bretandan olan inqilabçı federatların () Tüilri sarayına hücumundan sonra Fransa monarxiyasının faktiki olaraq süqutuna gətirib çıxarmışdır. Kral XVI Lüdovik ailəsi ilə birlikdə Qanunverici Məclisə sığınmış, lakin hakimiyyətdən uzaqlaşdırılaraq həbs olunmuşdur. 10 avqust üsyanı, daxili və xarici səbəblər, eləcə də müxtəlif şəraitlər kompleksinə görə Fransada konstitusiyalı monarxiya qurmaq cəhdinin uğursuzluqla nəticələnən kulminasiya nöqtəsidir. Paytaxtda federatların olması və onların monarxiyanın devrilməsində iştirakı 10 avqust hadisələrinə ümummilli xarakter qazandırmışdır. Monarxiyanın rəsmi şəkildə ləğvi altı həftə sonra, yeni qurulan Milli Konventin ilk qərarlarından biri kimi reallaşmışdır. İnqilab tarixşünaslığında bu üsyan və onun nəticələri çox vaxt sadəcə 10 avqust üsyanı və ya İkinci inqilab adlandırılır.
Zəmin Hərbi uğursuzluqlar "Bohemiya və Macarıstan kralı"na qarşı müharibə 1792-ci il 20 aprel tarixində elan edilmişdir, lakin ordunun və onun rəhbərliyinin hazırlıqsız olması ilk gündən ciddi uğursuzluqlara yol açmışdır. Fransa ordusu tam bir xaos içərisində idi. Şəxsi heyətin sayı kifayət etmirdi, çünki əksəriyyət daha yaxşı maaş verilən, öz komandirlərini sərbəst seçən və kampaniya bitdikdən sonra buraxılan könüllü batalyonlarına yazılmağa üstünlük verirdi. Bununla belə, həmin batalyonların formalaşdırılması da olduqca ləng gedirdi. İnqilabi coşquya qapılmış könüllülər şəxsi heyətin yalnız bir hissəsini təmin edə bilirdilər. Çox vaxt öz ocaqlarını tərk etmək istəməyən milli qvardiyaçılara əlavə mükafatlar təklif olunurdu və qoşunların tam komplektləşdirilməsi xeyli vaxt aparırdı. Maddi-texniki təchizat yerli hakimiyyət orqanları tərəfindən təmin edilməli idi və bu təchizat olduqca yavaş çatdırılırdı. Eyni zamanda, silah-sursat çatışmazlığı da kəskin hiss olunurdu.
Xarici işlər naziri və hərbi nazirliyin rəhbəri general Şarl Fransua Dümurye hesab edirdi ki, ordu döyüş təcrübəsini bilavasitə döyüş meydanında qazana bilər. Kampaniyanın əvvəlində rəqibin 30 000-dən çox əsgərinin olmadığını və onun qoşunlarının Şimal dənizindən Lotaringiyaya qədər uzandığını əsas gətirən Dümurye Furn, Lill, Valansyen və Jivedən hərəkət edən dörd kalonla bu zəif kordonu yarıb keçməyi və aprelin 29-na qədər sərhəddə 50 000 əsgər cəmləşdirməyi təklif etmişdir. Lakin həmin dövrün klassik xətti taktikası ruhunda yetişmiş generallar bu planı eşitmək belə istəmirdilər. Bundan əlavə, zabitlər özlərinin nizam-intizamsız qoşunlarına güvənmir, əsgərlər isə cavab olaraq onları royalizmdə (kral tərəfdarı olmaqda) və düşmənə rəğbət bəsləməkdə ittiham edirdilər. Mövcud 9 000 zabitin ən azı yarısı artıq mühacirət etmişdi və bir neçə zabit hücum ərəfəsində ordudan qaçmışdı. Aprelin 29-da Avstriya qoşunlarının ilk görünüşündəcə Dillon və Arman Lui de Qonto Biron geri çəkilmək əmri vermişdirlər. Qoşunlar xəyanət qışqırıqları ilə nizamsız şəkildə geri çəkilmiş, Dillon isə Lill şəhərində əsgərlərin özbaşına məhkəməsinin qurbanı olmuşdur.
Generallar bütün məsuliyyəti qoşunların nizam-intizamsızlığının və buna göz yuman hərbi nazirliyin üzərinə atmışdırlar. Cavab olaraq jirondistlər hökuməti Dillonun qatillərinin cəzalandırılmasını tələb etmiş, eyni zamanda Jan-Pol Marat əsgərləri öz generallarından xilas olmağa çağırmışdır. Mayın 18-də ordu komandanları Valansyendə toplaşmış və hərbi nazirliyin hücum barədə təkrar əmrlərinə məhəl qoymayaraq, hücumun qeyri-mümkün olduğunu bəyan etmiş, krala dərhal sülh bağlamağı məsləhət görmüşdürlər. Nəticədə generallar hücumu dayandırmış, may ayında isə bütöv bir korpus (Royal-Allemand) düşmən tərəfə keçmişdir. Yaşlaşmış Jan-Batist Donasyen de Roşambo istefa vermiş, Lafayet isə öz ordusunu Parisə yönəldib yakobinçiləri dağıtmaq və paytaxtda nizam-intizamı bərpa etmək məqsədilə avstriyalılara gizlicə atəşkəs təklif etmişdir.
Hərbi uğursuzluqlar ölkədəki daxili siyasi vəziyyəti daha da gərginləşdirmişdir. Demək olar ki, tamamilə zadəganlardan ibarət olan kral mühafizə dəstəsinin () zabitləri Fransanın uğursuzluqlarına açıq şəkildə sevinirdilər. Mülki konstitusiyaya and içməkdən imtina edən ruhanilər () bu "allahsız" müharibəni pisləyərək dindarları vergi ödəməməyə və orduya çağırışdan boyun qaçırmağa səsləyirdilər. Onlar öz moizələrində Avstriya imperatorunun Fransanın daxili işlərinə müdaxiləsini ölkədə xristianlığın bərpa edilməsi zərurəti ilə əsaslandırırdılar. Jirondistlər vaxtilə özlərini hakimiyyətə gətirən yeganə üsula — krala təzyiq göstərmək siyasətinə qayıtmaqdan başqa yol görmürdülər. Qanunverici Məclis özünün üç məşhur dekreti qəbul edərkən vəziyyət bu yerdə idi.
Məclisin dekretləri Dekretlərdən birincisi mülki konstitusiyaya and içməkdən imtina edən ruhanilərə qarşı yönəlmişdir. Ruhanilərin təsiri ilə baş verən iğtişaşlar qətiyyətli tədbirlərin görülməsini zəruri etmişdir. Departament mərkəzlərində and içməyən ruhanilərin fəaliyyətinə göz yummaq, ölkədə səksən üç nifaq, fanatizm və əks-inqilab mərkəzinin yaradılmasına bərabər tutulurdu. Məclis çoxluğunun ümumi rəyinə görə, ölkə bu ünsürlərdən təmizlənməli idi. 1792-ci il mayın 27-də, bir neçə günlük müzakirələrdən sonra məclis belə bir dekret layihəsini qəbul etmişdir: kommunanın iyirmi aktiv vətəndaşı and içməyən ruhaninin kommunanı tərk etməsini tələb etdikdə, departament direktoriyası direktoriyanın rəyinin bu xahişlə üst-üstə düşməsi şərtilə onun ölkədən qovulmasını (deportasiyasını) elan etməlidir. Əgər direktoriyanın rəyi vətəndaşların tələbi ilə uyğunluq təşkil etmirsə, o, ruhaninin varlığının ictimai asayiş üçün təhlükə törədib-törətmədiyini müəyyən etməlidir və əgər müvafiq komitənin rəyi iyirmi ərizəçinin xahişini təsdiqləyərsə, deportasiya dərhal icra olunmalıdır. Bu dekret ruhanilərə mülki konstitusiyaya and içmək və ya ölkədən sürgün olunmaq arasında seçim imkanı verirdi.
Bu tədbirin ardınca, tərkibi royalist əhval-ruhiyyəli hesab olunan və məclisin ünvanına təhdidlər səsləndirən kralın şəxsi qvardiyasına () qarşı digər bir addım atılmışdır. May ayında Bazir qvardiyaçıları təxribatçı davranışlarda və kralın qaçış planlarını hazırlamaqda ittiham edərək qvardiyanın buraxılmasını təklif etmişdir. Şabo məclisin zorakılıqla dağıdılması məqsədilə bir qəsdin mövcudluğunu sübut edən yüz səksən iki sənədə malik olduğunu bəyan etmişdir. Mayın 27-də, əks-inqilabi qəsd haqqında hesabatdan sonra məclis öz sessiyalarının daimi olacağını, Paris Milli Qvardiyasının sayının iki dəfə artırılacağını və Petionun paytaxtdakı vəziyyət barədə hər gün məlumat verməli olduğunu qərara almışdır. Qade kral qvardiyasının buraxılmasının zəruriliyini üç səbəblə əsaslandırmışdır: birincisi, qvardiya qeyri-qanuni formalaşdırılmışdı; ikincisi, onun zabitləri qiyama təhrik edirdilər; üçüncüsü, qvardiyanın əksəriyyəti əks-inqilabi baxışlara sahib idi. 1792-ci il mayın 29-da məclis kralın şəxsi qvardiyasının buraxılması və onun komandanı hersoq de Brissakın həbs edilməsi barədə qərar qəbul etmişdir. Bu dekret dərhal icra olunmuşdur.
Üçüncü dekret iyunun 14-də Paris yaxınlığında 20 000 federatdan ibarət hərbi düşərgənin yaradılmasını nəzərdə tuturdu. Bu təklif iyunun 4-də Servan tərəfindən, öz həmkarları və ya kralla əvvəlcədən məsləhətləşmədən məclisə təqdim edilmişdir. Servan bunun ölkədə əmin-amanlığın bərqərar olması üçün vacib olduğunu iddia edirdi. Dekretin mətnində qeyd olunurdu ki, məqsəd Fransanın departamentləri arasında daha sıx qardaşlıq bağları yaratmaqdır. Məclisdəki müzakirələr bu strukturun əsas hədəfinin ictimai təhlükəsizliyi təmin etmək olduğunu göstərirdi. Düşmən orduları xaricdən yaxınlaşır, konstitusiya düşmənləri isə daxildə qəsdlər hazırlayırdılar. Paris və məclis mütləq mühafizə olunmalı idi.
Jironda nazirliyinin istefası XVI Lüdovik and içməyən ruhanilər haqqında və hərbi düşərgənin yaradılması barədə dekretləri təsdiqləməkdən imtina etmişdir. İyunun 12-də daxili işlər naziri Rolan krala ünvanladığı məktubda onu bu iki bəndlə razılaşmağa çağırmış, əks halda bu davranışın taxtın devrilməsinə və zadəganların kütləvi qətlinə səbəb ola biləcəyini bəyan etmişdir. Ertəsi gün kral Rolanı, daha sonra isə Klavye və Servanı istefaya göndərmişdir. İyunun 15-də Dumuryenin məclis tərəfindən kifayət qədər soyuq və düşməncəsinə qarşılanması onu hərbi uğursuzluqlara görə məhkəməyə cəlb oluna biləcəyinə inandırmışdır. Kral yalnız öz qvardiyasının buraxılması barədə fərmanı təsdiqləməkdə israr etdiyindən, Dumurye də istefa verərək şimaldakı ordunun diviziyalarından birinə komandanlıq etmək üçün yola düşmüşdür. Beləliklə, felyanlar yeni nazirliyin tərkibində yenidən hakimiyyətə qayıtmışdırlar.
Məqamın yetişdiyini düşünən Lafayet iyunun 18-də məclisə göndərdiyi məktubda Fransanın konstitusiyasının həm xaricdən gələn düşmənlər, həm də ölkə daxilindəki fitnəkar qruplar tərəfindən təhdid edildiyini bildirmişdir. O, məclisi inqilabi təşkilatları buraxmağa çağırmışdır. Kralın veto hüququndan istifadə etməsi, Jironda nazirlərinin istefası və felyanlar nazirliyinin qurulması saray və generalların Lamet ilə Lafayetin tərəfdarlarının siyasi proqramını həyata keçirməyə çalışdıqlarını göstərirdi. Bu proqramın məqsədi yakobinçi təhlükəsindən xilas olmaq, konstitusiyaya yenidən baxmaq, kral hakimiyyətini gücləndirmək və düşmənlə razılığa gələrək müharibəni dayandırmaq idi.
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:10 avqustdakı hadisələr Kateqoriya:Böyük Fransa inqilabı Kateqoriya:Fransada üsyanlar Kateqoriya:XVI Lüdovik Kateqoriya:XVIII əsrin üsyanları