Əbu Əbdirrəhman (Əbu Məhəmməd) Yunus ibn Həbib əd-Dəbbi əl-Bəsri ən-Nəhvi (; ) — Bəsrə dilçilik məktəbinə mənsub alim.
Həyatı Hicri 80 (699), 90 (709) və ya 94 (713)-cü ildə Bağdad ilə Vasit arasında, Dəclə çayının kənarında yerləşən Cəbbul kəndində anadan olmuşdur. Bənu Dəbbənin mövlası olduğu üçün Dəbbi nisbəsi ilə tanınır. Onun Bənu Leys ibn Bəkirin və ya Bilal ibn Hirmi qəbiləsinin mövlası olduğu da söylənmişdir. Künyəsi Əbu Əbdürrəhmandır. Bəzi rəvayətlərdə Əbu Məhəmməd kimi də qeyd olunur.
Təhsil həyatına Bəsrədə Həmmad ibn Sələmədən nəhv (ərəb qrammatikası) öyrənməklə başlamışdır. Daha sonra ərəb dili alimlərindən və yeddi qaridən biri olan Əbu Əmr ibn Əladan lüğət, nəhv, qiraət, əyyam, nadir sözlər, şeir, şeir rəvayəti və şeir tənqidi sahələrində dərs almışdır. Həmçinin özündən yaşca kiçik olan Əbu Davud Təyalisidən hədis təhsili almışdır.
Müəllimləri arasında ən çox Əbu Əmrin elmindən bəhrələnmişdir. Hətta onun katiblərindən sayılacaq dərəcədə Əbu Əmrdən eşitdiklərini yazmış, nəhv elmində onun metodunu mənimsəmiş və ən çox onun fikirlərini nəql etmişdir. Bu arada dövrün məşhur rəcəz şairi Rübə ibn Əccacı hələ kiçik yaşlarında tanımış və ondan şeir dərsi almışdır. Atası oğlunu şeirdə çətinlik çəkdiyi yerləri soruşması üçün vaxtaşırı Rübənin yanına göndərirdi.
Yunusun Abdullah ibn Əbu İshaq əl-Hədrəmidən şəxsən suallar soruşduğu və onun elmindən də faydalandığı rəvayət edilir. Bunlardan başqa, Əxfəş əl-Əkbərin dərslərində iştirak etmişdir. Dövrün bir çox dilçisi kimi o da səhraya getmiş və bədəvi ərəblərdən dil və ədəbiyyat materialları toplamışdır.
Yaşadığı dövrdəki dil və ədəbiyyat alimlərinin əksəriyyəti Yunus ibn Həbibdən dərs almışdır. Onlardan biri də Sibəveyhidir. Yunusun nəhvlə bağlı fikirlərinin ən geniş şəkildə yer aldığı yeganə mənbə Sibəveyhinin "əl-Kitab" əsəridir. Bu əsərdə Xəlil ibn Əhməddən sonra adı ən çox çəkilən dilçi Yunusdur. Onun adı təxminən 200 yerdə çəkilir və fikirləri nəql edilir.
Bundan başqa, əl-Kisai, Xələf əl-Əhmər, Yəhya ibn Mübarək əl-Yezidi, İbn Əbu Üyeynə (Əbu Cəfər Abdullah), Qutrub, Yəhya ibn Ziyad əl-Fərra, Məmər ibn Müsənna, əl-Əsmai, Əbu Zeyd əl-Ənsari, Əxfəş əl-Əvsət, İbn Səllam əl-Cüməhi və Əbu Ömər əl-Cərmi də Yunusdan dərs alan alimlərdəndir.
İbn əl-Cəzəri Yunus ibn Həbibdən qiraət rəvayət edən tələbələrinin adlarını da qeyd edir.
Bəsrədə Xəlil ibn Əhmədin yerinə dərs deyən Yunus ibn Həbib elmi mübahisələrdən sonra əl-Kisainin üstünlüyünü qəbul edərək dərs vermə işini ona buraxdı.
Yunus hicri 182-ci (798) ildə Bəsrədə vəfat etmişdir. Bu tarix hicri 183-cü (799) il kimi də qeyd edilir. Daha çox qəbul edilən görüşə görə, 88 il yaşamışdır. Onun 102 il yaşadığı da söylənmişdir.
Əsərləri Yunus ibn Həbibin qələmə aldığı əsərlər bunlardır:
Məanil-Quran, Ən-Nəvadirül-kəbir, Ən-Nəvadirüs-səğir, Əl-Lüğət, Əl-Əmsal, Əl-Qiyas fin-Nəhv.
İstinadlar
Kateqoriya:İran yazıçıları Kateqoriya:Ərəb filoloqlar