Bertinoro (romanyolca: Bartnòra) — İtaliyanın Emiliya-Romanya regionunda, Forli-Çezena əyalətində yerləşən şəhər və bələdiyyədir. Şəhər Romanya bölgəsində, Çezubeo təpəsində, Emiliya yolundan bir neçə kilometr aralıda yerləşir.
Tarixi Bertinoro yaxınlığında, Kastikkiano kəndi ərazisində Dəmir dövrünə aid yaşayış məskəninin qalıqları aşkar edilmişdir. Bertinoronun özü isə, ehtimal ki, Forli ilə Riminini birləşdirən Roma yolunun üzərində yerləşən istehkam məntəqəsi olmuşdur. Sonralar, barbarların yürüşləri dövründə yaşayış məntəqəsi indiki yerinə köçürülmüşdür.
1177-ci ildə artıq inkişaf etmiş və Castrum Cesubeum adı ilə tanınan qala imperator I Fridrix Barbarossanı qəbul etmişdir. III Ottonun hakimiyyəti dövründə qalanın adı Castrum Brittinori olaraq dəyişmiş və burası qraflığın mərkəzinə çevrilmişdir.
Əsas görməli yerlər Təxminən 1000-ci ildə tikilmiş qala. Hazırda burada Müqəddəs İncəsənət Muzeyi və Bolonya Universitetinin konfrans mərkəzi yerləşir. 1306-cı ildə I Pino Ordelafli tərəfindən tikilmiş bələdiyyə sarayı. Üzüklər sütunu (Colonna delle Anelle) — qonaqpərvərliyi simvolizə edən ağ daş sütun. 1300-cü ildə şəhərin zadəgan ailələri tərəfindən ucaldılmış sütunda 12 üzük yerləşirdi. Hər üzük bir ailəni təmsil edirdi. Şəhərə gələn qonaqlar atlarının yüyənini seçdikləri üzüyə bağlayaraq onları qəbul edəcək ailəni müəyyənləşdirirdilər. XVI əsrdə tikilmiş Bertinoro kafedralı. Polenta kəndində yerləşən San Donato kilsəsi. Cozue Karduççinin şeirlərindən birində xatırlandığı üçün məşhurlaşmışdır. Kilsədə IX əsrin sonlarına aid ilkin tikilinin bəzi hissələri qorunub saxlanılmışdır.
Mədəniyyət Bertinoroda hər il Qonaqpərvərlik festivalı keçirilir. Sentyabrın ilk həftəsonu təşkil olunan festival cümə günündən şənbəyə keçən gecə musiqi, rəqs və müxtəlif tədbirləri, tarixi səhnələrin canlandırılmasını, eləcə də bazar günü günortaya yaxın keçirilən ənənəvi qonaqpərvərlik mərasimini əhatə edir.
Mərasim zamanı hər kəs Qonaqpərvərlik sütunundakı üzüklərdən asılmış zərflərdən birini götürməklə şəhər ailələrindən birinin evində yeməyə dəvət oluna bilər. Zərfin içində qonağı qəbul edəcək ailənin adı yazılır.
Tanınmış şəxslər İbrahim ben Ovadya — Bartenura adı ilə də tanınan XV əsr ravvini və Mišna şərhçisi. Onun adı şəhərin adından götürülmüşdür. O, RAV (Rabbi Ovadia [of] Bartenura) qısaltması ilə də tanınır.
Beynəlxalq əlaqələr
Qardaşlaşmış şəhərlər Bertinoro aşağıdakı şəhər və bələdiyyələrlə qardaşlaşmışdır: Ale, İsveç Kaufungen, Almaniya Budeşti, Moldova
İstinadlar
Xarici keçidlər Rəsmi sayt
Kateqoriya:İtaliya şəhərləri Kateqoriya:Emiliya-Romanya regionunun kommunaları Kateqoriya:Emiliya-Romanya regionunun şəhər və qəsəbələri Kateqoriya:Emiliya-Romanyanın şəhər və qəsəbələri Kateqoriya:Forli-Çezena əyalətinin kommunaları Kateqoriya:Bertinoro