Hüseynbala Yəhya oğlu Hüseynov () — tarixçi və ictimai xadim, Dərbənd şəhərinin fəxri sakini, Dərbənd Dövlət Tarix-Memarlıq və İncəsənət Muzey-Qoruğunun baş elmi işçisi. O, Dərbənd şəhərinin ictimai və mədəni həyatına verdiyi töhfələrlə tanınır, şəhər və Dağıstan miqyasında nüfuzlu ağsaqqallardan biri hesab olunur.
Həyatı Hüseynbala Hüseynov 20 yanvar 1942-ci ildə Dərbənd şəhərində anadan olmuşdur. O, Dərbənd bəylərinin tanınmış nəslinə mənsubdur. Dərbənd şəhər 1 nömrəli orta məktəbini bitirmiş, daha sonra Bakıda Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) ali təhsil almışdır. Sonrakı illərdə SSRİ KP MK yanında Ali Partiya Məktəbində təhsilini davam etdirmişdir.
Əmək fəaliyyətinə Dərbənd konserv kombinatında fəhlə kimi başlayan Hüseynov sonradan şəhərin parovoz deposunda mexanik-usta kimi işləmişdir. Daha sonra Bakıda kompressor stansiyasında mexanik, Dərbənddə “Radioelement” zavodunda isə baş mexanik vəzifələrində çalışmışdır.
1969–1972-ci illərdə Dərbənd Şəhər Komsomol Komitəsinin birinci katibi olmuşdur. 1972–1977-ci illərdə Dərbənd Şəhər Partiya Komitəsinin katibi, 1977–1983-cü illərdə isə Dərbənd Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etmişdir. Onun rəhbərliyi dövründə şəhərdə çoxsaylı sosial-mədəni obyektlərin tikintisinə rəhbərlik etmişdir. 1991-ci ildən Dərbənd şəhər administrasiyasında Mədəniyyət, mətbuat və dini məsələlər üzrə idarənin rəisi vəzifəsində çalışmışdır. Sonrakı dövrdə Dərbənd Dövlət Tarix-Memarlıq və İncəsənət Muzey-Qoruğunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir. O, həmçinin Dağıstan Respublikasının rəhbəri yanında fəaliyyət göstərən Ağsaqqallar Şurasının üzvüdür.
Biblioqrafiya
"Город тысячи легенд" ("Min əfsanəli şəhər", 1982) "Краткая энциклопедия города Дербента" ("Dərbənd şəhərinin qısa ensiklopediyası", 2005) "Энциклопедия города Дербента" ("Dərbənd Şəhəri Ensiklopediyası", 2009, 2015) — Azərbaycan Milli Kitabxanasının elektron resursu. "Дербент и Китаб-и Деде Коркуд" ("Dərbənd və Kitabi-Dədə Qorqud", 2010, 2024) "Генерал Араблинский и его потомки" ("General Ərəblinski və onun varisləri", 2022) "Дербент: каменные страницы истории" ("Dərbənd: Tarixin Daş Səhifələri", 2023) "Дербент в годы Великой Отечественной войны" ("Dərbənd Böyük Vətən müharibəsi illərində") "Дербент и мусульманская традиция" ("Dərbənd və müsəlman ənənəsi") "Легенды древнего Дербента" ("Qədim Dərbəndin əfsanələri")
Mükafatları Dərbənd şəhərinin fəxri vətəndaşı; Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür; V. İ. Leninin anadan olmasının 100 illiyi münasibətilə təsis edilmiş "Əmək igidliyinə görə" medalı ilə təltif olunmuşdur; "Dağıstan Respublikası qarşısında xidmətlərinə görə" ordeni ilə mükafatlandırılmışdır; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
İstinadlar
Xarici keçidlər
Спецрепортаж из «Железных ворот» – Дербента, на улицах которого говорят по-азербайджански Dədə Qorqudun məzarının olduğu deyilən şəhər - Dərbənd barədə inanılmaz faktlar