Tağıyev Əhliman Safalan oğlu — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında böyük referent (1996–2002), İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı (2002–2005), Milli Məclis aparatında ekspert (2018–2020), YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri (2021), YAP Mərkəzi Aparatı rəhbərinin müavini (2023).

Həyatı 10 aprel 1968-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Canəhməd kəndində anadan olmuşdur. 1975-ci ildə həmin kəndin orta məktəbinin 1-ci sinfinə getmişdir. 1980-ci ildə ailəsilə birlikdə Bakı şəhərinə köçmüşdür. Həmin ildən Bakı şəhəri Nizami rayonundakı 12 saylı məktəbdə orta təhsilini davam etdirmiş, 1985-ci ildə orta məktəbi bitirmiş və həmin il Azərbaycan Neft və Kimya İnstitutuna (Azərbaycan Dövlət Neft Akademiyası) qəbul olmuşdur. 1986–1988-ci illərdə sabiq SSRİ-nin Krasnoyarsk vilayətində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra ali təhsilini davam etdirmiş və 1992-ci ildə bitirərək təyinatla gənc mütəxəssis kimi Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) saxlanmış və 1993-cü ilədək mühəndis-tədqiqatçı vəsifəsində çalışmışdır. Təhsil ilə yanaşı ADNA-nın ictimai işlərində fəal iştirak etmiş, ictimai əsaslarla Akademiyanın Tələbə Həmkarlar İttifaqı komitəsinin sədr müavini işləmişdir. Ailəlidir, 2 oğlu 1 qızı var.

Fəaliyyəti 1990–1991-ci illərdə Ali Təhsil işçiləri Həmkarlar İttifaqı komitəsinin göndərişi ilə o zamankı Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının Gənc Həmkarlar İttifaqları fəallarının Xalq Universitetində (indiki Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) 1 illik kursu bitirərək "Həmkarlar işinin təşkili" ixtisasına yiyələnmişdir. Yeni Azərbaycan Partiyası təsis olunandan, 1992-ci ilin noyabr ayından partiyanın üzvü, ADNA-da ilk təşkilatın yaradıcısı və sədri, Nəsimi rayonu üzrə təşkilat komitəsinin üzvü olmuş və bu rayonda YAP-ın təşkilatlanmasında və təsis olunmasında birbaşa fəal iştirak etmiş, 1-ci konfransda Rayon təşkilatının İdarə heyətinin üzvü seçilmişdir. 1993–1994-cü illərdə YAP Mərkəzi Aparatında məsul işçi, 1994–1996-cı illərdə isə partiyanın təşkilat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Yeni Azərbaycan Partiyasının I, II, III, IV qurultaylarında partiyanın Siyasi Şurasının üzvü seçilmişdir. 1996–2002-ci illərdə Azərbaycan Respublikası Prezidentinin icra Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsində böyük referent vəzifəsində işləmişdir. 1999–2002-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirərək "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasına yiyələnmişdir. 2002–2005-ci illərdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. 2005–2014-cü illərdə Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində işləmişdir. 2018–2020-ci illərdə Milli Məclis aparatında ekspert vəzifəsində işləmişdir. 2021-ci ilin may ayından YAP Mərkəzi Aparatının təşkilat şöbəsinin müdiri, 2023-cü ilin fevral ayından YAP Mərkəzi Aparatı rəhbərinin müavini vəzifəsində işləyir.

Mükafatları Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.

Həmçinin bax Yeni Azərbaycan Partiyası İsmayıllı rayonu

Xarici keçidlər

İstinadlar

Kateqoriya:İsmayıllı Rayon İcra Hakimiyyətinin başçıları