"Dansevise" — musiqisi Otto Franker, danimarkaca mətni isə Seyr Volmer-Sorensen tərəfindən yazılmış, Danimarkanın evli dueti Qrete və Yorgen İnqmann tərəfindən lentə alınmış mahnı. Kompozisiya London şəhərində keçirilən 1963-cü il Avroviziya Mahnı Müsabiqəsində Danimarkanı təmsil etmiş, duetin və ümumilikdə bir Skandinaviya ölkəsinin müsabiqədəki ilk qələbəsini təmin etmişdir.

Tarixi Konsepsiya "Dansevise" mahnısı Seyr Volmer-Sorensenin danimarkaca sözlərinə Otto Franker tərəfindən bəstələnmiş, Qrete və Yorgen İnqmann tərəfindən yazdırılmışdır. Bu, ifaçının rəqs etməyi, xüsusilə də öz sevgilisi ilə birlikdə rəqsə qalxmağı mədh etdiyi nəfis bir balladadır.

Milli seçim 24 fevral 1963-cü il tarixində Qrete və Yorgen İnqmannın ifasında "Dansevise" mahnısı yeddinci "Dansk Melodi Grand Prix" yarışmasında iştirak etmiş və qalib gəlmişdir. Bu festival Danimarka Yayım Korporasiyası (DR) tərəfindən səkkizinci Avroviziya Mahnı Müsabiqəsi üçün mahnı və ifaçı seçmək məqsədilə təşkil olunduğundan, sözügedən kompozisiya Danimarkanın müsabiqə təmsilçisi, Qrete və Yorgen İnqmann isə ölkənin rəsmi ifaçıları olmuşdur. Duet mahnını danimarka dilindən başqa, Laura Vestonun mətni əsasında ingilis dilində "I loved you", Ralf Mariya Zigelin mətni əsasında isə alman dilində "Der Sommer ging vorüber" adı ilə lentə almışdır.

Avroviziya 23 mart 1963-cü il tarixində Avroviziya Mahnı Müsabiqəsi Londonun "BBC Television Centre" studiyasında baş tutmuşdur. Britaniya Yayım Korporasiyası (BBC) tərəfindən təşkil olunan müsabiqə bütün qitədə canlı yayımlanmışdır. Qrete gitarada onu müşayiət edən Yorgen İnqmann ilə birlikdə, "Dansevise" mahnısını həmin gecə Leyla Halmenin ifasında səslənən Finlandiyanın "Muistojeni laulu" kompozisiyasından sonra və Vitse Vukovun ifasındakı Yuqoslaviyanın "Brodovi" mahnısından əvvəl, səkkizinci nömrə altında ifa etmişdir. Danimarka nümayəndə heyətinin çıxışı zamanı canlı orkestrə Kay Mortensen dirijorluq etmişdir.

Səsvermənin nəticələrinə əsasən, Danimarka təmsili 42 xal toplayaraq on altı iştirakçı arasında birinci yeri tutmuşdur. Mahnı olduqca mübahisəli şəraitdə qalib gəlmişdir. Belə ki, Norveç münsiflər heyətinin İsveçrənin yerinə Danimarkaya qələbə qazandırmaq üçün öz səslərini sonradan dəyişdirdiyi iddia edilmişdir.

Avroviziyadan sonra Qrete və Yorgen İnqmann öz mahnılarını 22 avqust 1981-ci il tarixində Mayzen şəhərində keçirilən və Avroviziyanın iyirmi beş illiyinə həsr olunmuş "Songs of Europe" yubiley şousunda yenidən ifa etmişdir. 10 may 2014-cü il tarixində bu kompozisiya Kopenhagen şəhərində baş tutan 2014-cü il Avroviziya Mahnı Müsabiqəsinin finalının açılış səhnəsinə daxil edilmişdir.

İstinadlar